Plastik, yoxsa şüşə qablarda olan məhsullar daha təhlükəsizdir? - MÜTƏXƏSSİS RƏYİ
“Plastik qablar artıq mətbximizin ayrılmaz bir hissəsinə çevrilib. Onlar yüngül, ucuz və qırılmayan olduğuna görə rahat görünür. Amma qida təhlükəsizliyi baxımından plastik qabların bəzi ciddi riskləri var. Xüsusilə yağlı, turşulu, isti və uzun müddət saxlanılan məhsullarla təmas zamanı plastikdən müəyyən kimyəvi maddələrin qidaya keçmə ehtimalı var”.
Bu fikirləri Patrul.az-a plastik qutularda satılan məhsulların təhlükəsi barədə danışarkən sağlam qida təbliğatçısı Asim Vəliyev səsləndirib.
O bildirib ki, plastik qabların tərkibində bisfenol A, ftalatlar və digər yumşaldıcılar ola bilər:
“Bu birləşmələr yüksək temperaturda, günəş işığında, qida ilə uzun təmasda qidaya qarışaraq hormon sisteminə təsir edə, uşaqlarda inkişaf pozğunluqlarına, allergiyalara və metabolik dəyişikliklərə səbəb ola bilər. Bir çox ölkələrdə uşaq qablarında bisfenol A istifadəsi bu baxımdan qadağan edilib. Plastik qabda saxlanılan yağ, ət, toyuq, balıq, sous, turşu kimi məhsullarda bu keçmə prossesi daha sürətli baş verir. Çünki yağlı və turşulu strukturlar kimyəvi miqrasiyanı artırır.
Plastik qabın təhlükəsi təkcə tərkibi ilə bağlı deyil. Həm də istifadə qaydasının pozulması ilə bağlıdır. Bir çox insan plastik qabları mikrodalğalı sobada isidir. Qaynar yeməkləri isti-isti plastik qutulara tökür. Belə olduqda yumşaldıcı maddələrin qidaya keçməsi sürətlənir. Eyni qabın dəfələrlə yuyulub isitmə nəticəsində xarab olması, səthində xırda çatların yaranması da bu prosesi artırır. Plastik qablar qoxu keçirir və qidanın öz təbii dadını dəyişə bilir. Qida ilə təmas üçün sertifikatlı plastik qablar mövcuddur. Normal istifadə qaydalarına əməl olunarsa, riski minimumdur”.

Mütəxəssis vurğulayıb ki, məhz bu risklərə görə şüşə qabların istifadəsi daha təhlükəsizdir:
“Şüşə qida ilə reaksiya vermir və heç bir kimyəvi maddəni qidaya buraxmır. Şüşə qabda saxlanılan məhsulların dadı dəyişmir. Təhlükə miqrasiyası olmur və temperatur dəyişikliyinə daha davamlıdır. Şüşə həm isti, həm soyuq mühitdə sabit qalır. Çox yuyulsa da oz xüsusiyyətini itirmir. Bu səbəbdən həm qida təhlükəsizliyi, həm də sağlamlıq baxımından ən etibarlı saxlama materialı şüşədir.
Şüşə qabların digər üstünlüyü onların qoxu və rəng saxlamamasıdır. Məsələn, turşular, cemlər, yağlı souslar və ya konservləşdirilmiş məhsullar şüşədə uzun müddət daha təhlükəsiz qalır. Qida keyfiyyətinin qorunması, məhsulun daha uzun müddət xarab olmaması və daxili mikrobioloji tarazlığın pozulmaması baxımından şüşə qablar plastikdən qat-qat üstündür. Həmçinin şüşə ekoloji baxımdan da daha sağlam seçimdir. Təkrar emalı asandır və ətraf mühitə zərər vermir. Amma bəzi hallarda keyfiyyətsiz şüşə, çatlamış qablar fiziki risklər ola bilər”.
Ləman Sərraf






