Politoloq: “Aİ-nin müşahidə missiyasının təxribatları yeni müharibəyə hesablanıb”
Son dövrlərdə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Azərbaycanın Ermənistanla sərhəd bölgələrində fəaliyyətini artırıb.
Ai-nin müşahidə missiyasısının Azərbaycana məxsus əraziləri qanunsuz şəkildə izləməsi 2023-cü ildən etibarən başlayıb. Halbuki, 2022-ci ildə bu fəaliyyətlər dayandırılmışdı. Qanunsuz olaraq, müşahidələrin davam etdirilməsi regionda gərginliyi daha da artırır. Ermənistanın Aİ-nin müşahidə missiyası ilə əsas məqsədi nədir? Aİ bu addımı ilə sülh prosesinə necə təsir göstərməyə çalışır?
Bu barədə Patrulaz.az-a politoloq Sahil Kərimli açıqlama verdi: “Bu gün dünyanın bəzi siyasi dairələrində, xüsusilə Qərb və Avropa İttifaqı ölkələri Ermənistan və Azərbaycan arasında sülh danışıqları prosesinə çox ciddi şəkildə mane olmağa çalışırlar. O cümlədən, bu prosesdə öz varlıqlarını sübut etmək və qoruyub saxlamaq üçün bütün resurslarını işə salıblar. Bu da təəssüf hissi ilə vurğulamaq lazımdır ki, Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün əldə edilməsinə çox ciddi maneələr yaradır. Xüsusilə də, Azərbaycanın haqlı və ədalətli mövqeyinə qarşı zidd addımlardır. Çünki, Ermənistan Avropa İttifaqı dırnaqarası missiyasının fəaliyyətini daha 2 il artırmaqla bağlı qərar verməklə, eyni zamanda da sülh danışıqları prosesini uzatmaqla ciddi maneələr yaradır”.
Patrulaz.az-a verdiyi açıqlamada politoloq Sahil Kərimli bildirib ki, Avropa İttifaqının missiyasının fəaliyyətləri regionda ciddi təxribatlara səbəb ola bilər. Onun sözlərinə görə, Avropa İttifaqı, xüsusilə də Ermənistanla əməkdaşlıq edərək, sülh danışıqlarını uzatmaqla prosesə mane olmağa çalışır:
Bu gün Avropa İttifaqının dırnaqarası missiyası Azərbaycanla sərhəd ərazilərinə gələrək çox ciddi təxribatlar törədirlər. Onlar Azərbaycan ərazilərini davamlı müşahidə etməklə ciddi gərginlik yaradırlar. Ermənistanın paralel olaraq silahlandırması, eyni zamanda bu cür təxribatçı addımların atılması, xüsusilə də son dövrlərdə Ermənistan ordusunun atəşkəsi pozması halları göstərir ki, Ermənistan Avropa İttifaqının missiyasına arxayın olaraq yeni müharibəyə hazırlaşır. Bu real görünür, çünki Ermənistan təxribaçı hərəkətləri ilə sülh istəmədiyini açıq-aydın göstərir”.
S.Kərimli eyni zamanda Azərbaycanın güclü siyasi iradəsinin və ordusunun bu cür təxribatlara qarşı duraraq regionda sabitliyi qorumağa qadir olduğunu da qeyd etdi. Politoloqun sözlərinə görə, Avropa İttifaqı və Ermənistan Azərbaycanın ciddiliyini və gücünü daha yaxşı anlamalıdırlar, çünki bu cür təxribatların nəticələri hər iki tərəf üçün fəlakətlə nəticələnə bilər:
“Görünən odur ki, Avropa İttifaqının dırnaqarası missiyasının bu təxribatçı hərəkətləri yenidən müharibənin başlanmasına hesablanıb. Aİ-nin Azərbaycan mövqelərini daim müşahidə altında saxlaması da göstərir ki, onlar Azərbaycan Ordusunun mövqelərini dəqiqləşdirmək istəyirlər. Yəni əgər hücuma keçərlərsə, bunu hansı istiqamətdən başlayacaqları ilə bağlı öncədən hazırlıq prosesi həyata keçirirlər. Amma Azərbaycanın güclü siyasi iradəsi bu cür təxribatların qarşını anındaca almaq iqtidarındadır. Avropa İttifaqı, o cümlədən Ermənistan yaxşı anlamalıdırlar ki, bu təxribatların sonu onlar üçün faciələrlə nəticələnə bilər”.
Avropa İttifaqının bu təxribatçı addımları Ermənistanın və Aİ-nin regiondakı sülh prosesinə müdaxiləsini və gərginliyin daha da artırılmasını göstərir. Lakin Azərbaycanın müvafiq reaksiyaları və güclü iradəsi, bu təxribatların qarşısını almağa imkan verir.
Gülbəniz Səfərova