Politoloq: “Beynəlxaq birlik mina terrorçusu olan Ermənistanla bağlı müvafiq addımlar atmalıdır”
Son vaxtlar işğaldan azad olunmuş Azərbaycana məxsus ərazilərdə minaya düşərək yaralanan və həlak olanların sayı artıb. Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanı mina təhlükəsizliyi barəsində beynəlxalq insan hüquqları və humanitar hüquqlarla bağlı üzərlərinə götürdükləri öhdəliklərə əməl etməyə çağırıb. O cümlədən, Qarabağ ərazisində mina riski ilə bağlı təhlükələrin artması səbəbindən Ermənistandan işğal dövründə Azərbaycanın ərazilərinə yerləşdirdiyi minaların konkret əraziləri ilə bağlı məlumatların təqdim edilməsi tələb edilib.
Rəsmi Bakının Ermənistanı minatəmizləmə məsələsində məsuliyyətə çağırması barədə politoloq Rəşad Bayramov Patrulaz.az-a münasibətini bildirərək qeyd etdi ki, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minaların nəticələri təkcə hərbi və siyasi məsələlərlə bağlı deyil, həm də insan hüquqları və beynəlxalq humanitar hüquqla əlaqəlidir:
“Ermənistanın 30 illik işğal dövründə və müharibə zamanı işğal olunmuş ərazilərimizi total şəkildə minalaması danılmaz faktdır. Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər. İlkin qiymətləndirmələrə görə ərazilərimizə 1,5 milyondan artıq mina basdırmışdır. Məhz mina terrorunun nəticəsidir ki, Qarabağ müharibəsinin başa çatmasından bu günə qədər 392 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya yaralanıb.
Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. Son olaraq Cəbrayılda və Ağdamda baş verən mina partlayışı nəticəsində 4 Azərbaycan vətəndaşı, o cümlədən uşaqlar ciddi xəsarət alıb. Bu faciə regionda mina təhlükəsinin hələ də davam etdiyini və günahsız insanların həyatının hər an təhdid altında olduğunu bir daha ortaya qoyur.
Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır, uzun illər doğma torpaqlarına dönmək arzusu ilə yaşayan yüz minlərlə məcburi köçkünün hüquqlarının reallaşdırılmasına əngəl törədir.
Bu təhlükənin qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq və yardımlar olduqca vacibdir. Odur ki, beynəlxalq ictimaiyyətin minatəmizləmə fəaliyyətlərinin təxirəsalınmazlığını qəbul etməsi, Azərbaycanın davam edən mina təmizləmə səylərinə dəstək olması və həmçinin Ermənistanı məqsədli şəkildə və geniş miqyasda basdırılmış minalara görə məsuliyyətə cəlb etməsi lazımdır”.
Politoloq R.Bayramov həmçinim, Ermənistanın mina terroru məsələsində məsuliyyətə cəlb olunmasının lazım olduğunu da qeyd etdi. O, həmçinin beynəlxalq hüququn, xüsusilə Ottava Konvensiyası və digər müvafiq sənədlərin tətbiq edilməsinin vacibliyini vurğuladı, bununla yanaşı, beynəlxalq birliyin Ermənistanın mina tətbiqi ilə bağlı daha sərt və ədalətli addımlar atması gərəkdiyini bildirdi:
“Onu da qeyd edim ki, minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına həyata keçirilir. Təəssüflər olsun ki, ümumi mənzərəyə baxanda xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. Beynəlxalq qurum və təsisatların, müvafiq profil üzrə ixtisaslaşmış beynəlxalq QHT-lərin laqeyd münasibəti, bu sahəyə maliyyə ayırmaması və bütün işlərin dövlət büdcəsi hesabına aparılması ikili standartlar siyasətinin, selektiv yanaşmanın və qərəzli münasibətin növbəti nümunəsidir.
Beynəlxaq birliyin nəhayət ki, ikili standartlara son qoyması lazımdır. Bu təkcə bizim yox, həm də Beynəlxaq hüququn tələbidir. Məlumdur ki, Ottava Konvensiyası piyada əleyhinə minaların istehsalını, onların tətbiqini və saxlanılmasını qadağan edir. Bununla yanaşı, Brüssel Bəyannaməsi, “Avropada adi silahların məhdudlaşdırılması haqqında” Cinah Sazişi, eləcə də BMT Baş Assambleyasının 51-45 saylı qətnaməsi piyada əleyhinə minaların istifadəsini məhdudlaşdırır və qadağan edir. Eyni zamanda adıçəkilən sənədlərə qoşulan bütün dövlətlər, piyada əleyhinə minaların tətbiqinin məhdudlaşdırılması ilə bağlı çağırışlar edirlər. Odur ki, beynəlxaq birliyin mina terrorçusu olan Ermənistanla bağlı müvafiq addımlar atması lazımdır”.
Göründüyü kimi, Azərbaycan XİN-in mina terrorunun qarşısının alınması və torpaqların bərpası üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən Ermənistanın məsuliyyətə cəlb olunması barədə çağrışı, təkcə humanitar deyil, həm də təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Bu çağrı regiondakı sülh və sabitliyin təmin olunmasında, eyni zamanda Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü qorumaqda mühüm rol oynayır.
Gülbəniz Səfərova