Politoloq: “Çin dollardan imtina siyasətini icra edə bilər”
Amerika ilə Çin arasında uzun illərdir davam edən iqtisadi gərginlik yeni mərhələyə keçib. Hər iki ölkə arasında davam edən ticarət gərginliyi çərçivəsində Prezident Donald Tramp ABŞ və Çin arasında mümkün sazişin yalnız bir şərtlə baş tuta biləcəyini bildirib. Onun sözlərinə görə, əsas məsələ ticarət balansındakı kəsirin aradan qaldırılmasıdır.
Aprelin 2-də Tramp xaricdən gətirilən məhsullara yüksək gömrük rüsumları tətbiq edərək ölkəsinə “ticarət müharibəsi”nə start verdiyini bəyan edib. Əsas hədəf isə Çin və Avropa İttifaqıdır. Bu addım dünya iqtisadiyyatında ciddi dalğalanmalara səbəb ola bilər. Çin isə Trampın tariflərinə 34%-lik rüsumla cavab verib. Çin ABŞ-dən idxal olunan bütün məhsullara əlavə 34% rüsum tətbiq edərək, Donald Trampın “birtərəfli zorakılıq” adlandırdığı ticarət siyasətinə sərt reaksiya göstərdi. Çin Dövlət Şurası bildirib ki, ABŞ-nin bu təcrübəsi beynəlxalq ticarət qaydalarına uyğun deyil və Çinin maraqlarını ciddi şəkildə pozur.
Tramp isə cavabında: “Çin bunu yanlış oynadı, panikə etdi. Onların edə bilməyəcəyi bir şey!,-deyə qeyd edib. Maraqlıdır ki, ABŞ və Çin arasında gedən ticarət müharibəsi dünya iqtisadiyyatına nə kimi təsirləri olacaq? İki hegemon ölkə arasında davam edən iqtiasadi proseslər barədə Patrulaz.az-a politoloq İlyas Hüseynov sərhini verdi:
“ABŞ-lə Çin arasında ticarət müharibələri Donald Trampın prezidentliyinin birinci dövründə də baş verirdi. Həmin vaxtda tarif qarşıdurmaları hər iki tərəfə böyük ziyan vuraraq dünya iqtisadiyyatına dərin böhran yaşadırdı. Hazırda da, sanki Trampın Çin də daxil olmaqla, bütün dünya ölkələrinə qarşı tətbiq etdiyi tarif siyasəti dünya iqtisadiyyatında yeni bir mərhələni formalaşdıracaq. Bu, hesab edirəm ki, dövlətlərin koalisiyalara daxil olmasına və ABŞ-yə qarşı iqtisadi zireh formalaşdırmağa gətirib çıxaracaqdır. Bu heç də Amerika Birləşmiş Ştatlarının dünya siyasətində hegemonluğunu bərkitməyəcək, əksinə müxtəlif dövlətlərdən ibarət qrupların formalaşmasına gətirib çıxara bilər.
BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı buna bariz bir nümunədir. Sözügedən iki təşkilatda da Çin öz geopolitik oxu ətrafında digər dövlətləri birləşdirərək, dollardan imtina siyasətini icra edə bilər. “D-dollarizasiya” dalğası haqqında iqtisadi bilicilər uzun müddətdir ki, fikirləşirlər”.
Politoloq Çinin ABŞ-lə texnologiya sahəsində güclü rəqabət aparmasını vurğulayaraq, Azərbaycanın da real potensial imkanlarını qeyd etdi:
“Hazırkı reallıqlarda Çin dünya bazarına, xüsusilə texnologiya sahəsində ABŞ məhsulları ilə rəqabət apara biləcək yeni məhsullar çıxarmaq potensialına malikdir. Misal olaraq, avtomobil sənayesi sahəsində Çinin əldə etdiyi uğurlar buna nümunədir. Eyni zamanda, burada enerji resurslarına və zəngin torpaq minerallarına ehtiyac çoxalmaqdadır. Azərbaycanın çox yaxşı resursları və potensialı mövcuddur ki, bu da ölkəyə hazırkı reallıqlardan iqtisadi dividentlər qazandırmağa imkan verir”.
Amerika və Çin arasında davam edən ticarət müharibəsi dünya iqtisadiyyatını yeni mərhələyə aparır. Politoloq İ. Hüseynovun da qeyd etdiyi kimi, Prezident Donald Trampın tətbiq etdiyi tarif siyasəti, xüsusilə Çin və Avropa İttifaqını hədəf alaraq, beynəlxalq ticarət qaydalarına ziddir və ciddi dalğalanmalara səbəb ola bilər.
Gülbəniz Səfərova