"Prezident idmançılarımızla görüşü idmana göstərilən dövlət qayğısının növbəti bariz nümunəsidir" - DEPUTAT
“Prezident İlham Əliyevin güləş üzrə milli komandamızın üzvlərilə görüşü idmana göstərilən dövlət qayğısının növbəti bariz nümunəsidir. Komanda hesabında Avropa çempionu titulunun qazanılması ölkədə həyata keçirilən uğurlu idman siyasətinin real nəticələrini açıq şəkildə nümayiş etdirir”.
Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Patrul.az-a dövlətimizin idman siyasəti barədə şərh edərkən səsləndirib.
Onun sözlərinə görə, son illər Azərbaycanda idmanın inkişafına dair strategiyanın əsas istiqamətlərindən biri güclü infrastrukturun yaradılmasıdır:
“Paytaxtla yanaşı, regionlarda inşa edilən Olimpiya İdman Kompleksləri və ixtisaslaşmış idman zalları minlərlə gəncin idmana cəlb olunmasına şərait yaradır. Nəticədə, ölkənin ən ucqar bölgələrində belə beynəlxalq səviyyəli idmançılar yetişir. Güləş üzrə milli komandamızın Avropa çempionatında qazandığı uğur da məhz bu sistemli yanaşmanın nəticəsidir. Tiranada keçirilmiş yarışlarda həm sərbəst, həm yunan-Roma güləşi üzrə əldə edilən nəticələr Azərbaycanın bu sahədə lider mövqeyini möhkəmləndirdi”.
Millət vəkili qeyd edib ki, dövlət siyasətinin mühüm komponentlərindən biri də insan kapitalına qoyulan sərmayədir:
“Vaxtilə ölkəmizi beynəlxalq arenada təmsil etmiş tanınmış idmançıların bu gün məşqçi və federasiya rəhbəri kimi fəaliyyət göstərməsi təcrübənin qorunub saxlanılması və yeni nəslə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cənab Prezident də qeyd etdi ki, “tarixdə ənənələr həmişə mühüm rol oynayıb və bu, Azərbaycan cəmiyyətində və bütövlükdə Qafqaz regionunda davam edir. Bu, bizi daha da yaxınlaşdırır.” Bu, həm də idmanda nəsillərarası varisliyin təmin olunmasına xidmət edir”.

K.Nurullayeva, dövlət tərəfindən idmançılara göstərilən sosial dəstəyin, onların məşq və yarış şəraitinin yaxşılaşdırılmasının, beynəlxalq turnirlərdə iştirak imkanlarının genişləndirilməsinin də əldə olunan uğurların əsas səbəblərindən olduğunu söyləyib:
“Müxtəlif sahələrdə uğur qazanan idmançıların dövlət başçısı səviyyəsində qəbul olunması isə onların əməyinə verilən yüksək qiymətin göstəricisidir və gənclər üçün ciddi motivasiya mənbəyidir.
Hər bir qələbə zamanı dövlət bayrağının yüksəlməsi və himnimizin səslənməsi cəmiyyətdə milli qürur hissini gücləndirir və idmanın rolunu artırır. Prezident İlham Əliyev də bəyan etdi ki, “idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir”.
Ləman Sərraf






