Prezident və ailəsini şantaj, böhtan və təhdidlə hədəfə alanlara həbs qaçılmazdır - VƏKİL DETALLARI AÇIQLADI
Hər bir ölkədə adi vətəndaşlarla yanaşı, yüksək vəzifəli şəxslər – dövlət başçısı, ailə üzvləri, digər vəzifəli şəxslər və siyasətçilər də şantaj, qarayaxma, şər, böhtan və dezinformasiyaların yayılması kimi hallarla üzləşə bilirlər.
Məlum olduğu kimi, dünən Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxs – F.S. (şərti ad) saxlanılıb.
Bəs Azərbaycan qanunvericiliyinə görə, prezident və onun ailə üzvlərini, eləcə də digər siyasətçiləri və yüksək vəzifəli şəxsləri şantaj edən şəxsləri neçə ilədək həbs və digər cəzalar gözləyir?
Bununla bağlı Patrul.az-a vəkil Babək Həmidov açıqlama verib.
Onun sözlərinə görə, bu kimi hallarda zərərçəkmiş şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə müdafiə olunur:
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə cinayət hesab olunur və qadağandır.
Maddənin dispozisiyasında zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakın və ya əmlak xarakterli digər hərəkətlərin tələb edilməsi cinayət sayılır.
Bu kimi əməllər qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə və xeyli miqdarda əmlak əldə etmək məqsədi daşıdıqda 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Habelə daha ağır forması – mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya külli miqdarda əmlak tələb edildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur”.

“Cinayət Məcəlləsinin 182-ci maddəsi Azərbaycan Respublikasında hər kəsi şantaj kimi qanunsuz əməllərdən müdafiə edir. O cümlədən Azərbaycan Prezidenti və onun ailə üzvləri də bu maddə ilə qorunur.
Bununla yanaşı, məcəllədə Azərbaycan Prezidentinin şərəf və ləyaqətinin müdafiəsi də ayrıca nəzərdə tutulur. Cinayət Məcəlləsinin 323-cü maddəsinə əsasən, Azərbaycan Prezidentinin kütləvi çıxışlarda şərəf və ləyaqətinin ləkələnməsi və ya alçaldılması, o cümlədən mediada və internet informasiya ehtiyatlarında bu cür məlumatların yayılması cinayət hesab olunur. Bu əmələ görə təqsirli şəxslər 2 ilədək azadlıqdan məhrum edilə bilər.
Əgər bu əməllər Prezidentin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham edilməsi ilə müşayiət olunarsa və bu məlumatlar kütləvi çıxışlarda, sosial mediada və ya internet informasiya ehtiyatlarında yayılarsa, həmin şəxslər 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Yəni, hər iki maddə və onların ağırlaşdırıcı halları ilə Azərbaycan Prezidentinin və onun ailə üzvlərinin şərəf və ləyaqəti qorunur”, – deyə B.Həmidov əlavə edib.
Gülbəniz Səfərova






