“Prezidentin çıxışı ölkəmiz haqqında real həqiqətləri çatdırmaq baxımından əhəmiyyətlidir” - ŞƏRH
“Məlumdur ki, ADA Universiteti ildə iki dəfə müxtəlif mövzularla bağlı beynəlxaq forumlara təşkilatçılıq edir və bu artıq bir ənənə halını alıb. Forumda iştirak səviyyəsi və say atrımı isə beynəlxaq ekspertlərin keçirilən forumlara nə qədər önəm verdiyini göstərir. Təbii ki, bunun ən vacib səbəblərindən biri bu tədbirlərdə müzakirəyə çıxarılan mövzuların aktuallığı ilə bağlıdır”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, son konfransın mövzusu və müzakirə çıxarılan məsələlər də öz aktuallığı ilə seçildi: “80 əcnəbi iştirakçının qatıldığı konfransın bu dəfəki mövzusu “Yeni dünya nizamına doğru” adlanırdı və bu da qlobal gündəmin cari vəziyyətinə tamamilə uyğundur.
Şübhəsiz ki, keçirilən forumları xüsusi olaraq əhəmiyyətli edən vacib məqamlardan biri də ölkə başçısının ənənəvi olaraq bu forumlarda iştirak etməsi və çoxsaylı sulları cavablandırması ilə bağlıdır. Prezidentin çıxışı ölkəmiz haqqında real həqiqətləri çatdırmaq və müxtəlif məsələlərə dair baxışları birinci şəxsin dilindən eşitmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Prezidentin çıxışında dünya nizamında baş verən transformasiya, ABŞ ilə münasibətlər, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri, Ermənistan-Azərbaycan münasibətləri mövzularına diqqət çəkib. Çıxış özündə həm də beynəlxalq ictimaiyyətə ünvanlanan çoxsaylı mesajları və ölkəmizin geosiyasi prosseslərə baxışını da ehtiva etdi.
Prezident çıxışında Ermənistanla normallaşma prosesinin cari vəziyyətini, mümkün sülh sazişinin şərtlərini və regionda gələcək əməkdaşlıq imkanlarını aydın şəkildə ortaya qoydu. Belə demək mümkünsə cənab Prezident öz çıxışında yeni dünya nizamının hansı paradiqmalar üzərində qurulması, beynəlxalq münasibətlər sisteminə nəyi gətirəcəyi ilə bağlı olan mühüm məsələləri Azərbaycanın milli maraqları kontekstindən şərh etdi və regionumuzda mümkün yeni nizamın hansı şəkildə formalaşması ilə bağlı fikirlərini səsləndirdi.
Çıxışda ən çox maraq doğuran məsələlərdən biri təbii ki, Ermənistan-Azərbaycan arasında mümkün sülhlə bağlı məsələlər oldu. Prezident sülh sazişinin imzalanması üçün Azərbaycanın şərtlərini bir daha diqqətə çatdıraraq “Top erməni tərəfindədir” dedi. Bu mesajı şübhəsiz ki, təkcə Ermənistana deyil, həm də Ermənistana hər vəchlə dəstək verən qüvvələrə, xüsusilə də Sülh sazişinin Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qala-qala imzalanmasını istəyən Qərbə ünvanlanmış mesaj kimi qəbul etmək lazımdır. Azərbaycan üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirib və artıq sazişim imzalanıb imzalanmamasının məsuliyyəti tam olaraq Ermənistanın üzərinə düşür.
Prezident çıxışında diqqətçəkən məqamlardan biri də COP29 zamanı Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasında əldə etdiyi nailiyyətlə bağlı oldu. O bildirdi ki, COP zamanı karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət məhz Azərbaycanda əldə olundu və bu, ölkəmizə olan etimad sayəsində baş verdi. Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail oldu, eyni zamanda, bizim səylərimizə Afrika dövlətlərindən də müsbət reaksiya verildi. Təsadüfi deyil ki, Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib.
Çıxışda həmçinin ABŞ ilə münasibətlərə də toxunuldu və bildirildi ki, hazırda ABŞ-la çox güclü münasibətlər Cənubi Qafqaz regionu üçün olduqca vacibdir. Prezident onu da qeyd etdi ki, Ağ evin indiki siyasəti daha çox Amerikanın milli maraqlarına əsaslanır.
Prezident çıxışda həmçinin Avropa Komissiyasının Azərbaycana münasibətinə də diqqəti yönəltdi və bildirdi ki, Avropa Komissiyası nəhayət ki, dünyaya real gözlə baxmağı öyrənməlidir. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu önə çəkən dövlət başçısı bildirdi ki, ölkəmizin Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan iqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkədir. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik.
Çıxışda diqqət çəkən məqamlardan biri də Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik etməsi ilə bağlı oldu. Prezident bildirdi ki, ilk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Cənab Prezident bildirdi ki, biz Türkiyə ilə qardaş və müttəfiq ölkəyik, iki ölkə arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi var. İsrail isə Azərbaycan üçün dost ölkədir və qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.
Son olaraq onu da qeyd edim ki, bu forum ölkəmizin qlobal məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bir daha sübut etdi”.
Səbinə Hüseynli