media-inshot_20251105_150601831

“Keçid dövrü insan həyatında çox önəmli mərhələlərdən biridir. Bu dövrdə yeniyetmələr həm fiziki, həm də emosional dəyişikliklər yaşayırlar. Özlərini tanımaq, şəxsiyyətlərini formalaşdırmaq, müstəqillik qazanmaq və eyni zamanda ailə və cəmiyyətin gözləntiləri arasında tarazlıq saxlamaq onlar üçün çətin ola bilər. Bu səbəbdən özünəinamın azalması, aqressiya, tənhalıq hissi, gələcəyə dair narahatlıq kimi hallar tez-tez müşahidə olunur. Yeniyetmələr anlamalıdırlar ki, yaşadıqları dəyişikliklər təbii və keçici bir mərhələnin hissəsidir”.

Bu sözləri Patrul.az-a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib.

Psixoloq keçid dövründə olan yeniyetmələrlə bağlı öz məsləhətlərini də bölüşüb:

media-inshot_20251105_150149241

“Özünüzü tanımağa çalışın. Emosiyalarınızı, maraqlarınızı, güclü və zəif tərəflərinizi qəbul edin.Duyğularınızı ifadə edin. İçinizdə saxlamaq əvəzinə, hisslərinizi valideynlərinizlə, dostlarınızla və ya etibar etdiyiniz bir böyüklə paylaşın.Zamanınızı düzgün idarə edin. Dərs, istirahət və hobbilər arasında balans yaratmaq stresin azalmasına kömək edir.

Sosial dəstəkdən istifadə edin. Sağlam dostluqlar, ailə münasibətləri və müəllimlərlə səmimi ünsiyyət emosional sabitliyi gücləndirir.

Müqayisədən uzaq olun. Hər kəsin inkişaf tempi fərqlidir. Özünüzü başqaları ilə deyil, dünənki “siz”lə müqayisə edin.

Valideynlərin rolu çox böyükdür. Ən vacibi – dinləmək və anlamağa çalışmaqdır. Tənqid və sərt nəzarət yerinə, uşağın fikirlərinə hörmətlə yanaşmaq, onu dinləmək və birgə həll yolları tapmaq gəncin özünə inamını artırır. Sevgi və anlayış yeniyetmənin psixoloji dayanıqlığının əsas sütunlarıdır.

Unutmayın ki, keçid dövrü həyatınızın çox önəmli, amma müvəqqəti mərhələsidir. Bu dövr sizi gələcək yetkin həyata hazırlaşdırır. Özünüzə inanın, hər hissinizin və yaşadığınız təcrübənin sizə bir şey öyrətdiyini dərk edin. Dəyişmək qorxulu deyil – əksinə, inkişafın təməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər