media-inshot_20260504_190932831

Yeniyetmələrin, eləcə də gənclərin psixoloji vəziyyətlərindəki darıxma, yorulma və tez bezginlik hisləri son illərin ən ağırılı probleminə çevrilib. Vaxtaşırı gərginlik, narahatlıq, əsəbiliklərini büruzə verən yeniyetmələrin psixoloji vəziyyətindəki bu dəyişimlər onların irdəsinin zəifliyindən xəbər verir. Hər şeydən tez yorulan və bezən uşaqlarımızın əməyə münasibəti də neqativdir.

Bəs səbəb nədir? Uşaqlarımız niyə hər şeydən tez yorulur və bezir?   

Mövzu ilə bağlı Patrul.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, son illərdə yeniyetmə və gənclər arasında “tez yoruluram”, “heç nəyə həvəsim yoxdur”, “tez bezirəm” kimi fikirləri daha çox eşidirik:

“Bu, sadəcə tənbəllik və ya məsuliyyətsizlik kimi qiymətləndiriləcək bir məsələ deyil. Əslində burada daha dərin psixoloji səbəblər var və bu hal artıq ciddi bir tendensiyaya çevrilməkdədir.

Əsas səbəblərdən biri informasiya və stimul bolluğudur. Uşaqlar və gənclər gün ərzində sosial şəbəkələr, oyunlar və sürətli kontent vasitəsilə davamlı olaraq dopamin yüklənməsinə məruz qalırlar. Bu isə onların diqqət müddətini azaldır və real həyatda daha çox səbr, zəhmət tələb edən işlərə qarşı marağı zəiflədir. Nəticədə dərs oxumaq, işləmək, uzunmüddətli məqsədlərə fokuslanmaq onlara darıxdırıcı görünür”.

Müsahibimiz digər mühüm faktorun emosional yorğunluq olduğunu qeyd edib:

“Müasir dövrdə həm valideynlərin, həm də cəmiyyətin gözləntiləri artıb. Uşaqlar çox vaxt özlərini daim “nəyəsə çatmalıyam” təzyiqi altında hiss edirlər. Bu daxili gərginlik isə motivasiyanın azalmasına və tez bezginliyə səbəb olur.

Bundan əlavə, düzgün istirahət etməmə, yuxu rejiminin pozulması, fiziki aktivliyin az olması da psixoloji enerjinin azalmasına gətirib çıxarır. Bədən yorğun olanda zehin də yorulur və nəticədə hər şey ağır gəlməyə başlayır.

Bir məqamı da qeyd etmək vacibdir: bir çox gənc nə istədiyini bilmir. Məqsədsizlik və istiqamətsizlik də tez yorulma hissini artırır. İnsan gördüyü işin mənasını anlamayanda, ona qarşı maraq da uzunömürlü olmur”.

media-img-20260409-wa0041

Bəs nə etmək lazımdır? 

Z.Əyyubovanın sözlərinə görə, ilk növbədə bu vəziyyəti “tənbəllik” kimi damğalamaq düzgün deyil:

“Uşaqlarla daha çox ünsiyyət qurmaq, onları dinləmək və hisslərini anlamağa çalışmaq vacibdir. Eyni zamanda, onların həyatında balans yaratmaq lazımdır — həm məsuliyyət, həm istirahət, həm də fiziki aktivlik.

Valideynlər və müəllimlər uşaqlara kiçik hədəflər qoymağı, səbr etməyi və prosesi dəyərləndirməyi öyrətməlidirlər. Çünki bu günün ən böyük problemlərindən biri nəticəyə çox tez çatmaq istəyidir.

Sonda qeyd etmək istəyirəm ki, bu problem həll olunandır. Sadəcə uşaqları qınamaq yox, onları anlamaq və düzgün istiqamətləndirmək lazımdır. Çünki hər “tez bezən” uşağın arxasında əslində yorulmuş bir psixologiya dayanır”.

Ləman Sərraf


Bənzər xəbərlər