media-inshot_20260121_111335217

Bu gün doğma meydanda – Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının yeddinci turu çərçivəsində “Qarabağ” Almaniyanın “Ayntraxt Frankfurt” klubunu qəbul edəcək.

Ümumilikdə 2 qələbə və 3 məğlubiyyətlə 7 xalı olan “Qarabağ” turnir cədvəlində hələlik 25-ci yerdə qərarlaşıb.

Bu oyunun əhəmiyyəti və gözləntiləri barədə Patrul.az-a fikirlərini bölüşən futbol üzrə ekspert Emin Abbasov bildirib ki, “Köhlən atlar” Çempionlar Liqasının pley-off mərhələsində qalmaq üçün “Ayntraxt”a 3 xalla qalib gəlməlidirlər:

“Bu gün “Qarabağ” üçün çox taleyüklü matç baş tutacaq. Komandamız pley-off şanslarını qorumaq və Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni davam etdirmək istəyirsə, bu gün mütləq qələbə qazanmalıdır”.

media-inshot_20260121_111640408

Ekspert həmçinin azarkeşlərin qələbəyə çox ümid etdiyi – 10 dekabrda “Qarabağ”ın “Ayaks”la 2:4 hesablı məğlubiyyətini xatırladaraq bildirib ki, belə matçlarda komandaların taleyi hər an dəyişə bilər:

“Məlumumuzdur ki, “Ayntraxt”da baş məşqçi dəyişikliyi olub. Onlarda da qeyri-sabitlik, həmçinin zədəli olan futbolçular var. Amma yaddımızdadırsa, “Qarabağ”ın “Ayaks”la oyununda da onun vəziyyətinin yaxşı olmadığı, bütün matçlarda məğlub olduğu ilə bağlı fikirlər yayılmışdı. Bunlar əsasında da hamıda “Qarabağ”ın qalib gələcəyi ilə bağlı bir əminlik var idi. Lakin nəticədə məğlubiyyət yaşandı. Biz indi oxşar ssenarini həm də “Ayntraxt”da görürük. Yəni, azarkeşlər rahat qələbə gözləyirlər, amma bu elə bir turnirdir ki, rahat qələbəni gözləmək düzgün olmaz.

Yeri gəlmişkən, “Ayaks” “Qarabağ”ı məğlub etdikdən sonra ötən gecə də ikinci qalibiyyətini əldə etmiş oldu. Üçüncü dəfə də qalib olsalar, bəlkə onlar da pley-off-a çıxa bilərlər. Demək istədiyim odur ki, bu elə bir turnirdir ki, hər an hər şey dəyişə bilər”.

E.Abbasov baş məşqçi Qurban Qurbanovun da dediklərinə əsaslanaraq “Qarabağ”dan qələbə gözlədiyini vurğulayıb:  

“Qurban Qurbanovun mətbuat konfranasını izlədim. O, da bildirir ki, komandası və özü bütün məsuliyyəti və qələbə qazanmanın əhəmiyyətini dərk edirlər. Q. Qurbanovun dediyinə görə, komandası bu matça yaxşı hazırlaşıblar. Belə başa düşürəm ki, “Qarabağ” var-gücü ilə mübarizə aparacaq. Çünki bundan sonrakı səfərdə “Liverpul”la baş tutacaq oyunda şanslar çox azdır. Ən real 3 xal imkanı “Ayntraxt”la oyunda qazanılmalıdır. Turnir cədvəlindən də bəllidir ki, 3 xal “Qarabağ”a hava və su kimi lazımdır. Fikrimcə, yaxşı oyun keçəcək. Gözləntim “Qarabağ”dan yalnız qələbədir”.

Gülbəniz Səfərova  


Bənzər xəbərlər