media-6087

Çempionlar Liqasının liqa mərhələsinə yekun vurulub.

Patrul.az xəbər verir ki, mərhələ başa çatdıqdan sonra ilk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Qarabağ” isə səfərdə “Liverpul”a 6:0 hesabı ilə məğlub olmasına baxmayaraq, topladığı xallar sayəsində turnirin pley-off mərhələsinə yüksəlməyi bacarıb.

Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuran “köhlən atlar” tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Son 16 mərhələyə vəsiqə uğrunda yarışacaq 16 komanda arasında “Qarabağ” da yer alıb.

Qeyd edək ki, liqa mərhələsini ilk səkkizlikdə tamamlayan “Arsenal”, “Bayern Münhen”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq” və “Mançester Siti” birbaşa 1/8 finala yüksəlib. Bu komandaların pley-off mərhələsindən gələcək rəqibləri püşkatmadan sonra bəlli olacaq.

“Qarabağ”ın mümkün rəqibləri

Liqa mərhələsində 9–24-cü yerləri tutan komandalar iki oyunluq pley-off qarşılaşmalarında üz-üzə gələcəklər. Bu mərhələdən qalib çıxan səkkiz komanda 1/8 finala yüksələcək.

Mövcud ssenariyə əsasən, “Qarabağ”ın pley-off mərhələsində mümkün rəqibləri “Nyukasl” və ya “Monako”dur. Bu cütlükdən qalib çıxacaq komanda 1/8 finalda “Barselona” və ya “Çelsi” ilə qarşılaşacaq.

Püşkatma və oyun tarixləri

Pley-off mərhələsinin püşkatma mərasimi 30 yanvar, cümə günü, UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında saat 11:00-da keçiriləcək.

Pley-off oyunları 17–18 və 24–25 fevral tarixlərində baş tutacaq. Bu mərhələdən sonra 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkatması isə 27 fevralda keçiriləcək.


Bənzər xəbərlər