"Qarabağ"ı daha ağır mərhələ gözləyir" - Ceyhun Sultanov
“Qarabağ” dünən keçirilən oyunda “Liverpul”a 6:0 hesabı ilə məğlub olsa da, turnir ərzində topladığı xallar sayəsində pley-off mərhələsinə yüksəlməyi bacarıb. Ağır hesablı məğlubiyyətə baxmayaraq, komandanın növbəti mərhələyə adlaması azarkeşlər arasında müxtəlif müzakirələrə səbəb olub. İndi diqqətlər pley-off mərhələsində mümkün rəqiblərlə oyuna yönəlib. Ehtimal edilir ki, bu mərhələdə “Qarabağ”a qarşı ya Fransa təmsilçisi “PSJ”, ya da İngiltərənin “Nyukasl” komandaları ola bilər.
Bununla bağlı da Azərbaycan millisinin sabiq futbolçusu, futbol üzrə ekspert Ceyhun Sultanov Patrul.az-a açıqlamasında “Qarabağ”ın səfərdə çətin oyunlar keçirdiyini, bu mərhələnin də digərlərinə nisbətən daha ağır olduğunu vurğulayıb:
“Qarabağın potensial rəqibləri artıq, bildiyim qədərilə, məlumdur. “PSJ” və “Nyukasl”ın adı çəkilir. Hər nə olursa-olsun, potensial rəqiblər kim olursa olsun, ora çıxmısansa, bütün rəqiblər səndən güclü olacaq. Son oyun da göstərdi ki, top komandalarına qarşı oynamaq, xüsusilə də səfərdə, bizim üçün çox çətindir. Əsas odur ki, “Qarabağ” “24-lük”də yer alıbsa, deməli, buna layiq idi. Onlar bunu əziyyətlə, öz oyunları ilə əldə ediblər. Bundan sonra necə olacaq, demək çətindir. Uğurlar arzulamaqdan başqa “Qarabağ”a deyiləcək söz yoxdur. Çünki bu mərhələ daha da ağır mərhələdir. “Qarabağ”a uğurlar olsun”.
Cəmilə Cəfərzadə






