Qaranlıq yol, itən nişanlar: Kürdəxanı-Məhəmmədi yolunda sürücülər və piyadalar çətinlik çəkir - VİDEO
Kürdəxanı–Məhəmmədi yolu istiqamətində sürücülər hərəkət etməkdə ciddi çətinliklərlə üzləşirlər.
Patrul.az xəbər verir ki, buna əsas səbəb yolun natamam işıqlandırılmasıdır. Redaksiyamıza daxil olan videogörüntülərdə bəzi işıq dirəklərinin işlək olduğu, digərlərinin isə tamamilə sönük qaldığı aydın görünür. Bu isə sürücülərin piyadaları vaxtında görməsini çətinləşdirir və qəza riskini artırır.
Yolun qaranlıq olması sürücülər üçün təhlükə yaratdığı kimi, piyada keçidini göstərən nişanın olmaması da piyadaların həyatını risk altına qoyur. Həmçinin həmin yol hissəsində sürət həddini bildirən nişanlar da mövcud deyil.
Qeyd edək ki, işıqlandırma sisteminin düzgün təmin olunmaması səbəbindən bu ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verdiyi bildirilir.
Sürücülər aidiyyəti qurumları təhlükəli vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırırlar.
Gülbəniz Səfərova






