media-inshot_20260402_182552054

Bu gün ermənilərin ürəyinə ilk qorxu cücərtilərini səpən Aprel döyüşlərinin 10-cu ildönümüdür. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan ordusunun düşmən üzərinə qətiyyətli irəliləyişi qalibiyyətlə nəticələndi. Ordumuzun cəsarətli və geri dönməz addımları ilə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Suqovuşan kəndi istiqamətində ərazilər düşmən tapdağından azad edildi.

Bu döyüşlərdə 560 erməni hərbçisi məhv edilmiş, digər 500-ü isə yaralanmışdır. Həmçinin ordumuz tərəfindən qarşı tərəfin 60 tankı və zirehli maşını, 45 artilleriya qurğusu məhv edilmişdir. Azərbaycan tərəfində isə hərbçilərimizlə yanaşı, düşmənin xain zərbələri nəticəsində mülki şəxslər də həlak olmuşdur.

Aprel döyüşlərinin 10 illiyi münasibətilə Milli Məclisin deputatı Aydın Mirzəzadə Patrul.az-a öz təəssüratlarını bölüşərkən bildirib ki, bu döyüşlərdəki qələbə sonrakı antiterror əməliyyatlarının uğur qazanmasına zəmin yaratdı:

“Ulu öndər Heydər Əliyevin, sonradan isə hazırkı Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qüdrətli dövlət, güclü ordu və dünyanın qəbul etdiyi xarici siyasət formalaşdı. Ermənistanın güclü xarici dəstəyinə baxmayaraq, Azərbaycan əsgəri 10 il bundan əvvəl şanlı Aprel döyüşlərində əldə olunan qələbəni tarixin səhifələrinə yaza bildi.

Həmin dövrdə çox az sayda torpaqlarımız işğaldan azad edilsə də, düşmən Azərbaycan silahının gücünü hiss etdi. Dünya ölkəmizin ərazi itkisi ilə razılaşmadığının fərqinə vardı. Bu da sonradan 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatının uğurla başa çatmasına səbəb oldu”.

media-inshot_20260402_182654824

Millət vəkili Prezident İlham Əliyevi qalibiyyətlə nəticələnən bu döyüşlərin “memarı” adlandırıb:

“Aprel döyüşlərində xeyli itki verdik. Polad Həşimov kimi dəyərli bir igid generalımızı itirdik. Lakin bu döyüşlərdə Azərbaycan xalqının ordusuna bağlılığını hiss etdik.

Bütün bunların hamısı addım-addım Azərbaycanı zəfərə yaxınlaşdırdı. Bu gün torpaqlarımızın bütövlüyündə və Ermənistanın Azərbaycan həqiqətlərini məcburən qəbul etməsində Aprel döyüşlərinin xüsusi rolu var. Bu döyüşlərin qalibi Azərbaycan əsgəri və onları dəstəkləyən xalqdır, memarı isə cənab Prezidentimizdir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər