media-46693fd04593e32c25eb5002daeeb931

“İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammiti ümumilikdə Avropa məkanında siyasi dialoqu gücləndirmək məqsədi daşısa da, bu sammitin Azərbaycan və Ermənistan münasibətlərinə təsiri daha çox dolayı və məhdud xarakter daşıyır. Bunun əsas səbəblərindən biri Azərbaycanın sammitdə birbaşa iştirak etməməsidir ki, bu da tədbirin Bakı-İrəvan dialoqu üçün platformaya çevrilməsinə imkan vermədi və nəticədə sülh prosesində konkret irəliləyiş gözləntilərini zəiflətdi”.

Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov Patrul.az-a açıqlamasında deyib.

O qeyd edib ki, sammitin İrəvanda keçirilməsi Ermənistan üçün müəyyən siyasi və diplomatik üstünlüklər yaradıb:

“Ölkə beynəlxalq diqqət mərkəzinə düşdü, Avropa ilə yaxınlaşma görüntüsünü gücləndirdi və bu amillər daxili siyasi legitimlik baxımından da əhəmiyyət kəsb etdi. Bu proses dolayısı ilə regionda müəyyən balans dəyişikliyi görüntüsünə səbəb ola bilər, çünki Ermənistan özünü daha çox Qərbə inteqrasiya olunan tərəf kimi təqdim etməyə çalışır.

Digər tərəfdən, bu cür platformalar vasitəsilə Qərbin Cənubi Qafqazda vasitəçilik rolunun artması ehtimalı da güclənir. Avropa ölkələri regiondakı proseslərə daha fəal maraq göstərir və bu, Azərbaycan-Ermənistan münasibətlərinə təsir edə biləcək alternativ diplomatik kanallar yaradır. Yetər ki, Avropa ölkələri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə çalışsınlar, özlərinin maraqlarını təmin etməkdən ötrü bu prosesin irəliləməsinə mane olmasınlar. Keçən zaman göstərdi ki, Azərbaycan və Ermənistan hansısa bir Avropa dövlətinin və ya beynəlxalq təşkilatın vasitəçiliyi olmadan birbaşa danışıqlarda sülh prosesində mühüm irəliləyişə nail olub”.

media-inshot_20260505_191006966

Sammitin sülh prosesinə təsirinin daha çox beynəlxalq diqqətin artması və tərəflərə dolayı təzyiqin güclənməsi ilə məhdudlaşdığını vurğulayan V.Qafarov əlavə edib:

“Lakin tərəflər arasında etimad səviyyəsinin aşağı olması və müzakirə olunan məsələlərin mürəkkəbliyi səbəbindən real nəticələrin əldə olunması yenə də birbaşa ikitərəfli danışıqlardan asılıdır. Buna görə də İrəvan sammiti daha çox simvolik və diplomatik əhəmiyyət daşıyır, amma Azərbaycan-Ermənistan münasibətlərində qısa müddətdə ciddi dönüş nöqtəsi kimi qiymətləndirilmir”.

Ləman Sərraf


Bənzər xəbərlər