media-inshot_20251224_193324394

Yol-nəqliyyat hadisəsi baş verdikdə iştirakçıların dərhal dayanaraq zərərin qiymətləndirilməsini təmin etməsi və aidiyyəti orqanlarla əlaqə saxlaması qanunla tələb olunur. Hadisə yerini tərk etmək isə məsuliyyətsizlik və qanun pozuntusu hesab olunur.

Belə hallarda sürücülər hansı hüquqi nəticələrlə üzləşə bilər?

Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, hadisə yerini tərk etmək sürücünün hüquqi məsuliyyətini artırır, inzibati və cinayət cəzalarına səbəb olur:

“Niyə “qaçmaq” sürücünün vəziyyətini daha da ağırlaşdırır?

Yol-nəqliyyat hadisəsi (qəza) baş verdikdə sürücünün verdiyi ilk qərar sonradan onun cərimə ilə yaxa qurtarıb-qurtarmayacağını, sürücülük hüququnu itirib-itirməyəcəyini, hətta həbs riski ilə üzləşib-üzləşməyəcəyini müəyyən edir. Təəssüf ki, bəzi sürücülər qorxu və panika səbəbindən hadisə yerini tərk edir. Halbuki bu addım həm hüquqi, həm də praktiki baxımdan sürücünün vəziyyətini xeyli ağırlaşdırır.

Qəza baş verəndə sürücü nə etməlidir?

Qanuna görə sürücü dərhal dayanmalı, zərərçəkən varsa kömək göstərməli, polisə və təcili tibbi yardıma məlumat verməlidir.

Bu davranış həm qanuni, həm də sonradan sürücünün məsuliyyətinin yüngülləşdirilməsi üçün əsas yaradır.

Hadisə yerini tərk etməyin hüquqi nəticələri

İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində (hadisə yerindən yayınmağa görə)

əgər xəsarət yoxdursa, 100 manat cərimə

Yüngül xəsarət varsa, (İXM-in 327.8-ci maddəsinə əsasən)

300 manat cərimə və ya 6 aydan – 1 ilə qədər sürücülük hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehlər nəzərdə tutulmuşdur.

Hadisə yerini tərk etməyə görə inzibati tənbehin tətbiq edilmədiyi hallar

Əgər sürücü zərərçəkmiş şəxsə kömək məqsədilə, yaralanmış şəxsi xəstəxanaya aparmaq üçün hadisə yerini tərk edibsə, bu halda 327.6-cı maddə tətbiq edilmir. Yəni, sürücü “hadisə yerindən qaçmış” sayılmır.

Həmin Maddənin 7-ci bəndinə əsasən isə tərəflər arasında mübahisə yoxdursa və xəsarət yoxdursa, əgər qəza nəticəsində sağlamlığa zərər dəyməyibsə, kimin təqsirli olduğu barədə tərəflər arasında mübahisə yoxdursa, sürücünün hadisə yerini tərk etməsinə görə inzibati tənbeh tətbiq edilmir. Bu, xüsusilə xırda maddi ziyanla nəticələnən, razılaşma əsasında həll olunan qəzalar üçün keçərlidir.

Az ağır, Ağır xəsarət və ya ölüm varsa, artıq bu cinayət sayılır. (CM-in 263-cü maddəsi)

Hadisə yerindən qaçmaq niyə vəziyyəti ağırlaşdırır?

Əgər sürücü qəza törədib, zərərçəkmiş şəxs xəsarət alıb və ya ölübsə, buna baxmayaraq hadisə yerini tərk edibsə, qanun bunu xüsusi mənfi davranış kimi qiymətləndirir.

Bu halda Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə əlavə cinayət məsuliyyəti yaranır. Həmin maddənin sanksiyasında 2 ilədək azadlıqdan məhrumetmə, və ya azadlığın məhdudlaşdırılması, əlavə olaraq sürücülük hüququndan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Bu zaman məhkəmə sürücüyə daha sərt yanaşır, şərti cəza və ya yüngülləşdirici hallar tətbiq etmək çətinləşir”.

media-img-20251224-wa0063

N. Əliyev qəza törədən və daha sonra oradan uzaqlaşan sürücünün azad olunma şansının azaldığını vurğulayıb:

“Əlavə hüquqi nüans:

Cinayət Məcəlləsinin 263-cü maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ehtiyatsızlıqdan törədilən cinayətdir.

Cinayət Məcəlləsinin 264-cü maddəsi (Yol nəqliyyat hadisəsi yerindən qaçma) qəsdən törədilən cinayətdir.

Ehtiyatsızlıqdan törədilən cinayətdə 5 il azadlıqdan məhrumetmə cəzası veriləndə, məntəqə tipli rejim tətbiq olunur.

Bu, cinayətin ehtiyatsızlıqla törədilməsi və hadisə yerində qalma faktına əsaslanır. (CM-in 263-cü maddəsi)

Əgər sürücü qəza törətdikdən sonra hadisə yerini tərk edirsə, qaçmaq hallarında məsuliyyət artıq qəsdən törədilmiş cinayət kimi qiymətləndirilir. (CM-in 264-cü maddəsi),

Qəsdən törədilən cinayətə görə isə azadlıqdan məhrum etmə cəzası veriləndə ümumi rejim təyin edilir, məntəqə tipli deyil. Hadisə yerini tərk edən sürücü faktiki olaraq yaralını tək buraxmış olur, onun vaxtında tibbi yardım almasına maneə yarada bilər, zərərçəkmişdə qorxu, psixoloji sarsıntı və inamsızlıq yaradır. Bu hal zərərçəkmiş şəxsin gözündə sürücünü məsuliyyətsiz, laqeyd, və hətta təhlükəli biri kimi göstərir. Qanun bəzi hallarda (ölüm olmayan, az ağır və ya ağır xəsarət hallarında) barışıq və ziyanın ödənilməsi ilə sürücünün cinayət məsuliyyətindən azad olunmasına imkan verir. Lakin praktikada zərərçəkmiş şəxs sürücünün hadisə yerindən qaçmasını bağışlamaqda çətinlik çəkir, “Məni köməksiz qoyub getdi” düşüncəsi barışığa ciddi maneə yaradır, Zərərçəkmiş tərəf daha yüksək maddi və mənəvi təzminat tələb edir, Bəzi hallarda barışıqdan ümumiyyətlə imtina edilir. Nəticədə sürücü üçün məsuliyyətdən azad olunmaq imkanı azalır”.

Hüquqşünasın sözlərinə görə,hadisə yerində qalaraq kömək göstərmək həm barışıq ehtimalını artırır, həm də məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qiymətləndirilir:

“Kömək göstərmək barışıq üçün nəyi dəyişir?

Əksinə, əgər sürücü hadisə yerində qalırsa, dərhal kömək göstərirsə, təcili tibbi yardımı çağırırsa, səmimi peşmanlıq nümayiş etdirirsə, bu zərərçəkmiş şəxsdə müsbət münasibət yaradır, barışıq ehtimalını xeyli artırır, məhkəmə tərəfindən yüngülləşdirici hal kimi qiymətləndirilir. Yaralını xəstəxanaya aparmaq qaçmaq sayılmır. Qanun açıq şəkildə bildirir ki, zərərçəkmiş şəxsə kömək məqsədilə hadisə yerini tərk edən sürücü, sonradan hadisə barədə məlumat verərsə, cinayət məsuliyyətindən azad olunur. Bu hal həm hüquqi, həm də insani baxımdan düzgün davranış sayılır.Hadisə yerini tərk etmək cəzanı azaldan yox, əksinə ağırlaşdıran davranışdır.

Unutmayın kömək göstərmək sizi qoruyur, qaçmaq isə həm hüquqi, həm də insani baxımdan sizi zəif mövqeyə salır. Ən doğru yol dayanmaq, kömək etmək, və məsuliyyətdən yayınmamaqdır. Bu davranış təkcə qanuna yox, vicdana da uyğundur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər