Qış aylarında yuxudan yorğun oyanırsınız? - Həkimdən VACİB AÇIQLAMA
Yay ayları ilə müqayisədə qış mövsümündə bir çox insanlarda yuxu pozuntuları daha tez-tez müşahidə olunur. Soyuq aylarda insanlar gecələr yuxuya getməkdə çətinlik çəkdiklərini, səhərlər isə özlərini yorğun və halsız hiss etdiklərini bildirirlər.
Bu barədə Patrul.az-a açıqlama verən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimi Aytac Mehdiyeva qış aylarında yuxu pozuntularının əsas səbəblərini açıqlayıb:
“Qışda günlərin qısalması və günəş işığının azalması səbəbindən orqanizmdə “”melatonin” – yuxu hormonunun balansı pozulur. Bu isə yuxuya getməyi çətinləşdirir və səhər oyandıqda halsızlıq, əzginlik yaradır”.
Həkimin sözlərinə görə, qış aylarında günəş işığının az olması insanlarda ruh düşkünlüyü yaradaraq yuxu pozuntularına səbəb olur:
“Digər əsas səbəblərdən biri “”serotonin”in azalmasıdır. Günəş işığı azaldıqca “”serotonin”, yəni xoşbəxtlik hormonu da azalır. Nəticədə əhval-ruhiyyə və motivasiya aşağı düşür, yuxunun keyfiyyəti pisləşir. Bu hal bəzən mövsümi depressiya ilə də əlaqəli olur”.
A.Mehdiyeva bildirib ki, D vitamini çatışmazlığı da yuxu pozuntularına səbəb olan əsas amillərdən biridir:
“Qış aylarında günəş şüalarını az qəbul etdiyimiz üçün orqanizmdə D vitamini səviyyəsi aşağı düşür. Bu isə yorğunluq və əzginlik yaradır. Hətta gecə kifayət qədər yatılsa belə, insan özünü dincəlmiş hiss etmir. Bundan əlavə, qışda fiziki aktivliyin azalması da yuxu problemlərinə yol açır. Daha az hərəkət etdiyimiz üçün enerji sərf olunmur və bu da yuxuya getməyi çətinləşdirir”.
Gülbəniz Səfərova






