Qızıl Aypara: “Qəzzada tibb işçiləri öldürmək niyyəti ilə hədəfə alınıb”…
Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzzada öldürülən 15 tibb işçisinin güllə yaralarının onların məqsədli şəkildə vurulduğunu göstərdiyini bildirib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, təşkilat hadisə ilə bağlı beynəlxalq təhqiqat çağırışı edib.
Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, martın 23-də Qəzzanın cənubunda, Rəfah şəhərinin Tel Sultan məhəlləsində İsrail qüvvələrinin atəşə tutduğu avtomobil karvanında olan 15 tibb işçisi və xilasedici həyatını itirib. Aparılmış yarılma nəticələri onların bədənlərinin yuxarı hissəsindən vurulduğunu və bunun öldürmək niyyəti ilə edildiyini göstərib.
“Biz həmkarlarımızın bu şəkildə hədəf alınmasını və onların insan ləyaqətindən məhrum halda dəfn olunmasını qəbul edə bilmərik”,- deyə Qızıl Aypara rəsmiləri beynəlxalq təhqiqat komissiyasına çağırış edərkən bildiriblər.
Xatırladaq ki, hadisədən sonra fələstinlilər İsrail qüvvələrini cəsədləri kütləvi məzarlığa basdıraraq hadisəni ört-basdır etməkdə ittiham etmiş, bəzi cəsədlərin əllərinin bağlı olduğu və yaxın məsafədən güllələndiyi barədə iddialar irəli sürülmüşdü. İsrail Müdafiə Qüvvələri isə bu iddiaları rədd etmişdi.
Gülbəniz Səfərova