Vətəndaş şikayəti: "Qonşunun hərəkətləri binada dözülməz şərait yaradıb" - VİDEO
Bakının Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən çoxmənzilli yaşayış binasının sakinləri qonşularının yaratdığı antisanitar vəziyyətlə üz-üzə qalıblar.
Bu barədə Patrul.az-a məlumat verən digər qonşuların sözlərinə görə, 60 saylı binanın 4-cü mərtəbəsində yerləşən 26 nömrəli mənzilin sakini mütəmadi olaraq topladığı məişət tullantılarını pəncərədən aşağı atır. Nəticədə həm binanın həyətində, həm də aşağı mərtəbələrdə antisanitar vəziyyət yaranır.
Sözügedən şəxs bununla kifayətlənməyərək, mənzilinin qapısını açıq saxlamaqla evindən yayılan kəskin üfunət qoxusunun bütün bloka yayılmasına səbəb olur. Belə vəziyyət xüsusilə isti havalarda sakinlər üçün dözülməz şərait yaradır, mənzillərdə normal yaşamağı belə çətinləşdirir.
Dəfələrlə edilən şifahi xəbərdarlıqlara məhəl qoymayan mənzil sahibinin bu hərəkətləri redaksiyamıza daxil olan videogörüntülərdə də öz əksini tapıb. Görüntülərdən tullantıların pəncərədən qəsdən aşağı atıldığı açıq şəkildə görünür.
Sakinlərin sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yaradan bu vəziyyətlə bağlı aidiyyəti qurumların təcili tədbir görməsi xahiş olunur.
Gülbəniz Səfərova






