Qripdən sonra bitməyən öskürək nəyin xəbərçisidir? - HƏKİM DANIŞDI
Qrip əsasən yüksək hərarət, halsızlıq, baş və əzələ ağrıları ilə müşayiət olunsa da, xəstəlikdən sonra uzun müddət davam edən şiddətli öskürək bir çox insanı narahat edir. Bəzən qızdırma və digər simptomlar keçsə də, öskürək həftələrlə davam edə bilər və bu hal gündəlik həyata, yuxu rejiminə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir. Xüsusilə soyuq hava, fiziki gərginlik və ya gecə saatlarında öskürəyin artması insanlarda narahatlıq və qorxu yaradır.
Qripdən sonra öskürəyin bu qədər uzun çəkməsinin səbəbi nədir və insanlar belə hallarda nə etməlidir?
Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla Patrul.az-a açıqlamasında bildirib ki, öskürək bronxial epitelin qıcıqlanması nəticəsində yaranan müdafiə refleksidir və xüsusilə virus mənşəli yuxarı tənəffüs yolları infeksiyalarında digər ümumi simptomlarla birlikdə müşahidə olunur:
“Əvvəla qeyd edim ki, öskürək bir müdafiə reaksiyasıdır və bronxial epitelin qıcıqlanması nəticəsində baş verən refleksdir. Öskürəyin yaranması artıq həmin nahiyədə qıcıqlanma və iltihabi prosesin getdiyinin göstəricisidir və bu, respirator xəstəliklərin əsas əlamətlərindən biri kimi ortaya çıxır. Bundan əlavə, siqaret çəkənlərdə və xroniki allergik xəstəlikləri olan şəxslərdə də davamlı öskürək müşahidə olunur. Ümumiyyətlə, əgər öskürək qəfil başlayıbsa və bununla yanaşı yuxarı tənəffüs yollarının katarı, burun tutulması, bəlğəmin gəlməsi, qızdırma (atəş), baş ağrıları, bel ağrıları, ümumi halsızlıq, zəiflik və əzələ ağrıları baş verirsə, bu zaman yuxarı tənəffüs yollarının iltihabından söhbət gedir. Xüsusilə də bu hallar virus mənşəli respirator infeksiyalara işarə edir”.

Həkim vurğulayır ki, xəstəliyə laqeyd yanaşmaq öskürəyin uzanmasına və ağırlaşmalara səbəb olur:
“Belə hallarda xəstələr çox vaxt xəstəliyi ayaqüstə keçirir, ona ciddi əhəmiyyət vermirlər ki, bu da ağırlaşmalara səbəb olur. Uzun müddət öskürəyin davam etməsi də məhz xəstəliyə laqeyd yanaşma ilə bağlıdır. Mən düşünürəm ki, bu şəxslər xəstəliyə daha ciddi yanaşmalı, başqalarını yoluxdurmamağa çalışmalı, yataq rejiminə əməl etməli, bol maye qəbul etməli və zərurət olduqda həkim təyinatlarına riayət etməlidirlər. Bu halda infeksiya ağırlaşmır, uzun müddət davam etmir və orqanizm virus infeksiyası ilə öz gücü hesabına mübarizə apara bilir. Əlbəttə, bəzi hallarda xəstəlik daha ağır gedişata malik ola və sürətlə yayıla bilər. Bu isə orqanizmə daxil olan virusun miqdarından, immun sistemin vəziyyətindən və digər amillərdən asılıdır. Belə hallarda isə müalicənin mütləq şəkildə davam etdirilməsi vacibdir”.
Cəmilə Cəfərzadə






