media-inshot_20260129_223742016

UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə turnirin favoritlərindən olan “Liverpul”la qarşılaşıb. Oyun ağır hesablı məğlubiyyətlə (6:0) başa çatsa da, Ağdam klubu pley-off-a vəsiqə qazanmağı bacarıb.

Bir çox epizodları ilə yadda qalan dünənki oyunu futbol eksperti Emin Abbasov Patrul.az-a şərh edərək bildirib ki, ağır məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın ümumi çıxışı tarixi uğur oldu və güc fərqi fonunda bu nəticə qaçılmaz idi:

“Ümumilikdə götürsək, “Qarabağ” tapşırığın öhdəsindən layiqincə gəldi və bu, Azərbaycan futbolu üçün ən yeni tarix idi. “Qarabağ” növbəti dəfə Azərbaycan xalqının üzünü güldürdü, sevindirdi.

“Liverpul”la oyuna gəldikdə isə, bəli, ağır hesablı məğlubiyyət yaşandı. Altı cavabsız qolla uduzmaq həm komanda üzvləri, həm baş məşqçi Qurban Qurbanov, həm də hər birimiz üçün ağrılıdır. Amma reallıq da var. Bu gün “Liverpul” dünyanın ən güclü 5-10 klubundan biridir və heyətində kifayət qədər səviyyəli futbolçular var. Əgər bizimlə oyuna “Liverpul” artıq ilk səkkizlikdə yerini təmin etmiş halda çıxsa və Arne Slot daha çox ehtiyat oyunçularına güvənsəydi, bəlkə də təsir etmək mümkün olardı. Amma bu cür təzyiq, bu səviyyədə intensivlik və rəqib futbolçuların bütün güclərini ortaya qoyduğu bir oyunda gördük ki, üstünlük çox böyükdür, güc nisbəti xeyli fərqlidir. Belə bir oyunda ağır məğlubiyyət qaçılmaz idi”.

media-img-20260129-wa0059

Ekspert qeyd edib ki, “Qarabağ” üçün belə oyunlar dəyərli təcrübədir və komandanın ilk 24-lüyə düşməsi böyük uğurdur:

“Məncə, bu cür oyunlar “Qarabağ” üçün  təcrübə baxımından çox önəmlidir. Çünki “Qarabağ” bu sürəti, bu tempi və bu səviyyəni çox tez-tez görmür. Yadınızdadırsa, Çempionlar Liqasındakı ilk mövsümdə də səfərdə “Çelsi”yə qarşı oyun 0:6 hesablı məğlubiyyətlə başa çatmışdı. Hətta əvvəlki Avropa Liqası turnirlərində “Bavariya” və “Liverpul”kimi komandaların ilk oyunlarda Almaniyada 5:1 hesabı ilə məğlub olduqları matçlar da var idi. Amma sonradan həmin komandaların növbəti oyunlarda daha yaxşı çıxış etdiyini gördük. Yəni belə oyunlar futbolçuların bu səviyyəyə, bu sürətlərə uyğunlaşması baxımından çox vacibdir. Ən azı təcrübə qazanırlar. Unutmayaq ki, həmişə güclüdən də güclüsü var və güc nisbəti anlayışı mövcuddur. Bu baxımdan “Qarabağ”ı bu gün qınamaq olmaz. Əksinə, Qurban Qurbanovun rəhbərliyi altında komandanın ilk 24-lüyə düşməsi böyük uğurdur.

Bir anlıq təsəvvür edin: Liqa mərhələsində bizimlə eyni turnirdə çıxış edən “Kopenhagen”, “Ayntraxt”, “Ayaks”, hətta “Atletik Bilbao” kimi komandalar əsas mərhələyə – ilk 24-lüyə düşə bilmədilər, amma biz bunu bacardıq. Bu, özü də qürurverici faktdır. Ona görə də məncə, “Qarabağ”a bu əzmkarlığa və əldə olunan nəticəyə görə yalnız təşəkkür düşür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər