media-thumb_1770124033

Yollarda quraşdırılan radarlar vasitəsilə qeydə alınan cərimələr sürücülərə adətən rəsmi bildiriş vasitəsilə çatdırılır. Lakin bəzi hallarda vətəndaşlar cərimədən uzun müddət xəbərsiz olduqlarını və sonradan əlavə ödəniş və ya gecikmə məbləği ilə qarşılaşdıqlarını bildirirlər.

Bəs radara düşən cərimə vətəndaşa SMS və ya poçt vasitəsilə rəsmi şəkildə bildirilməyibsə, həmin cərimə aylar sonra faiz və ya əlavə ödənişlə tələb oluna bilərmi? Belə hal qanunvericiliyə uyğundurmu?

Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, cərimənin ödənilməsi müddəti və mümkün faiz hesablanması yalnız qərar vətəndaşa rəsmi qaydada təqdim edildikdən sonra hüquqi qüvvə qazanır:

“Yol hərəkəti qaydalarının pozulmasına görə radar vasitəsilə qeydə alınan inzibati xətalar üzrə tətbiq edilən cərimələr vətəndaşa qanunla müəyyən edilmiş qaydada bildirilməlidir.

Bu bildiriş adətən elektron sistem üzərindən, SMS, elektron kabinet və ya poçt vasitəsilə göndərilən rəsmi qərar formasında həyata keçirilir.

Vətəndaşın cərimədən xəbəri olmadan onun ödəmə müddətinin keçdiyini qəbul etmək hüquqi baxımdan mübahisəlidir.

Çünki inzibati tənbeh haqqında qərarın icrası və ödəmə müddətinin hesablanması həmin qərarın şəxsə təqdim edilməsi ilə əlaqələndirilir.

Şəxs qərarı almamışsa, onun müdafiə hüququndan və şikayət vermək imkanından istifadə etməsi də faktiki olaraq mümkünsüz olur.

Bu səbəbdən dövlət orqanı ilk növbədə qərarın vətəndaşa lazımi qaydada çatdırıldığını sübut etməlidir.

Əgər belə sübut yoxdursa, sonradan yaranmış gecikməyə görə vətəndaşın məsuliyyət daşımamalıdır”.

media-media-media-img-20260424-wa0059-c8x025-b3znwv-1

Vəkilin sözlərinə görə,əgər radar cəriməsi barədə vətəndaşa qanuni qaydada bildiriş təqdim edilməyibsə, sonradan həmin cəriməyə görə faiz hesablanması hüquqi mübahisə predmeti ola bilər:

“Praktikada bəzi hallarda vətəndaşlar aylar sonra nəqliyyat vasitəsinin satışı, texniki baxış və ya digər xidmətlər zamanı cərimədən xəbər tuturlar.

Belə vəziyyətlərdə əsas sual cərimənin vaxtında və qanuni qaydada bildirilib-bildirilməməsidir.

Əgər bildiriş göndərilməyibsə və ya onun göndərilməsi təsdiq edilə bilmirsə, faiz tətbiqi mübahisələndirilə bilər. Dövlət orqanları inzibati icraat zamanı şəxsin məlumatlandırılması prinsipinə riayət etməlidirlər.

Əks halda vətəndaşın hüquqlarının pozulması barədə məhkəməyə və ya aidiyyəti quruma müraciət etmək hüququ yaranır.

Hər bir konkret iş üzrə sənədlər və bildirişin göndərilməsinə dair sübutlar ayrıca araşdırılmalıdır.

Ona görə də radara düşmüş cərimə barədə şəxsə rəsmi bildiriş təqdim edilmədən aylar sonra əlavə faiz tətbiqi ciddi hüquqi mübahisə predmeti ola bilər və bunun qanuniliyi hər bir halda ayrıca qiymətləndirilməlidir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər