Velosiped zolağında park edilən avtomobil qəzaya səbəb oldu – yaralanan şəxs məsuliyyət tələb edir - VİDEO
Patrul.az redaksiyasına videogörüntü ilə müraciət edən izləyicimiz 17.06.2026-cı il tarixində Bakı şəhərinin 28 May küçəsində baş vermiş hadisə ilə bağlı şikayətini çatdırıb.
Şikayətçinin sözlərinə görə, 77-DZ-727 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsini velosiped zolağının üzərində saxlayıb. Nəticədə həmin zolaqla hərəkət edən velosipedçi və qarşı istiqamətdən gələn elektrik skuteri sürücüsü maneəni keçmək üçün məcburi manevr etməli olublar.
İddialara görə, velosiped zolağının qanunsuz şəkildə tutulması ilə yanaşı, avtomobil görmə məsafəsini də məhdudlaşdırıb. Bu səbəbdən hər iki hərəkət iştirakçısı son anda bir-birini görərək toqquşub.
Redaksiyamıza təqdim olunan videogörüntüdən görünür ki, qəza nəticəsində velosipedçi xəsarət alıb, geyimi isə cırılaraq yararsız vəziyyətə düşüb.
Hadisə bir daha göstərir ki, velosiped zolaqlarında avtomobillərin saxlanılması təkcə inzibati xəta deyil, həm də insanların sağlamlığı və həyatı üçün real təhlükə yaradır. Son illərdə paytaxtda velosiped və mikromobillik infrastrukturunun genişləndirilməsinə baxmayaraq, bəzi sürücülərin bu zolaqlardan parklanma yeri kimi istifadə etməsi ciddi problemlər yaratmaqda davam edir.
Patrul.az olaraq aidiyyəti qurumları məsələni araşdırmağa, velosiped zolaqlarında qanunsuz parklanma hallarına qarşı nəzarəti gücləndirməyə və baş vermiş hadisəyə hüquqi qiymət verilməsini təmin etməyə çağırırıq.






