""Qarabağ"ın geri dönüş şansı azdır, əsas məqsəd yaxşı oyun göstərməkdir" - Ceyhun Sultanov
Bu gecə “Qarabağ” azarkeşlərinin gözü yenidən ekranda olacaq. Çünki UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Nyukasl” doğma meydanında “Qarabağ”ı qəbul edəcək. “Sent Ceyms Park” stadionunda keçiriləcək matçı tanınmış FIFA referisi Davide Massa idarə edəcək.
Məlumdur ki, Bakıda baş tutan ilk oyunda, baş məşqçi Qurban Qurbanovun da dediyi kimi, gözlənilənlərin heç biri doğrulmadı. “Nyukasl”ın “Qarabağ” üzərində 6:1 hesablı qələbəsi azarkeşlər arasında da məyusluq yaratdı.
Gecə keçiriləcək matçla bağlı gözləntilərini Patrul.az-a bölüşən futbol üzrə ekspert Ceyhun Sultanovun sözlərinə görə, rəqibin gücü və əvvəlki ağır məğlubiyyət nəzərə alınaraq, “Qarabağ” daha çox oyunun yaxşı keçməsinə çalışmalıdır:
“6:1 hesablı nəticədən sonra nəsə demək çətindir. Məncə, “Qarabağ”ın orada geri dönüş etmək şansı yoxdur. Bilirik ki, necə bir komandaya qarşı oynayır. Sadəcə olaraq futbolçular orada öz gələcəkləri üçün yaxşı futbol oynamalıdırlar ki, oyun yaxşı keçsin”.

C. Sultanovun sözlərinə görə, nəticə necə olursa-olsun, Qurban Qurbanovun baş məşqçilik etdiyi komandanın bu mərhələyə qədər irəliləməsi böyük uğurdur. Onun fikrincə, hazırda Azərbaycanda “Qarabağ”dan başqa bu səviyyəyə çata biləcək komanda yoxdur:
“Fikrimcə, “Qarabağ” bacardığından da artığını etdi. Bunu təkrarlamaq bəlkə də illər sonra mümkün olacaq. Amma yaxın zamanda ölkəmizdə bunu “Köhlən atlar”dan başqa təkrarlayacaq komanda görünmür. “Qarabağ” Çempionlar Liqasının bu mərhələsinə qədər yaxşı oyunlar göstərərək mərhələ-mərhələ irəliləməyi bacardı.
“Qarabağ”mıza uğurlar arzulayıram. Biz bilirik ki, bu turnirdə bundan artığını etmək üçün çempionatın daha da güclü olması, heyətdə isə daha keyfiyyətli futbolçuların yer alması vacibdir. Buna baxmayaraq, bu mərhələyə qədər irəliləmək böyük uğurdur. “Qarabağ”a təşəkkür edirəm ki, azarkeşlərinə bu cür həyəcan yaşada bildi. Uğurlar arzulayıram!”
Xatırladaq ki, hər iki komanda arasında ilk oyun fevralın 18-də Tofiq Bəhrəmov adına stadionda keçirilmişdi. Həmin matçda “Nyukasl” “Qarabağ”ı 6:1 hesabı ilə məğlub etmişdi.
Gülbəniz Səfərova






