Roma ilə Viterbo arasındakı 80 km-lik sirli tunel tapıldı!
İtaliyada Roma ilə Viterbo şəhərini birləşdirən uzunluğu 80 kilometr olan yeraltı tunel aşkar edilib.
Patrulaz.az “HaberGlobal”a istinadən xəbər verir ki, Tuscia bölgəsinin vulkanik qayalarından keçən bu tunel Viterbo şəhərinin tarixi mərkəzində aparılan qazıntılar zamanı təsadüfən tapılıb. Tusci Universitetinin arxeoloqları tuneli araşdırarkən, cənub-şərqə, Roma istiqamətinə doğru uzandığını müəyyən ediblər. Uzunluğu təxmin edilən 80 kilometr olan tunelin hündürlüyü 3 metr, eni isə 2 metrdir.
Tunelə girişin Viterbodakı bir binada aparılan qazıntı zamanı tapıldığı bildirilir. Arxeoloqlar tunelin Viterbodan çıxaraq, Roma xaricindəki Prima Portaya qədər uzandığını ehtimal edirlər. İlk araşdırmalara görə, tunel ən azı Sutri bölgəsinə qədər davam edir. Bu tapıntı Roma ilə Viterbo arasındakı yolun yarısının altında qalan bir keçidin olduğunu göstərir.
Araşdırmalara əsaslanaraq ehtimal edilir ki, bu tunel orta əsrlərdə papa vəzifəsi ilə bağlı istifadə edilən qaçış yoludur.
Digər araşdırmalar isə tunelin Etrusk dövrünə aid hərbi və ya evakuasiya məqsədli quruluş olduğuna işarə edir.
Xatırladaq ki, daha əvvəl Viterbo və ətraf bölgələrində başqa tunellər də aşkar edilmişdi, lakin bu qədər uzun olan bir tunel heç vaxt tapılmamışdı.
Qeyd edək ki, Tuscia bölgəsinin tarixçiləri və arxeoloqları tunelin məqsədini hələ tam olaraq müəyyən etməyiblər.
Gülbəniz Səfərova