Rusiya ABŞ-İran qarşıdurmasına qoşulacaq? - ŞƏRH
ABŞ Prezidenti Donald Tramp atəşkəsin müddətini aprelin 21-də uzatsa da, Yaxın Şərqdə gərginlik davam edir. Məlumdur ki, bu münaqişədə ABŞ-ni dəstəkləyən ölkələr olduğu kimi, İranı dəstəkləyənlər də var. Bunlardan biri də Tehranın yaxın tərəfdaşı olan Rusiyadır.
Bunun bariz nümunəsi Rusiya Prezidenti Vladimir Putinin münaqişə ilə bağlı İrana dəstək xarakterli açıqlamalarıdır. Belə ki, Putin son bəyanatında “Rusiya İranın və regiondakı digər ölkələrin maraqları naminə hər şeyi edəcək” ifadəsi ilə Tehrana dəstək mesajı verib.
Putin bu açıqlaması ilə nə demək istəyir? Rusiyanın da münaqişəyə qoşulma ehtimalı varmı?
Bununla bağlı Patrul.az-a politoloq Aydın Quliyev fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Rusiya Prezidentinin bu çıxışı ölkəsinin münaqişəyə qoşulmaq niyyətindən deyil, İrana dəstəyini nümayiş etdirmək məqsədi daşıyır:
“Putinin bəyanatından sonra bəziləri Rusiyanın münaqişəyə qoşulacağı qənaətinə gəlməyə başlayıblar. Lakin bu sözlər ABŞ-İran münaqişəsinə qoşulmaq niyyətindən xəbər vermir. Burada söhbət müharibə kontekstində Rusiyanın diplomatik və siyasi addımlarından gedir. Bu addımlar yalnız münaqişəyə qoşulmaqla məhdudlaşmır.
Ümumiyyətlə, Kreml münaqişəyə açıq şəkildə qoşulmaqdan başqa müxtəlif istiqamətlərdə addımlar ata bilər. Çünki Rusiyanın hazırkı şəraitdə Ukrayna ilə müharibədə kifayət qədər hərbi problemləri var. Buna görə də Rusiya eyni vaxtda bir neçə cəbhədə müharibə aparmaq istəməz. Putinin bu sözləri daha çox münaqişənin qarşısının alınması, İranın maraqlarının müttəfiq ölkə kimi diplomatik və siyasi vasitələrlə müdafiəsi, həmçinin gərginliyin bölgədə yayılmasının qarşısının alınması kimi məqamları əhatə edir. Yəni bu bəyanat “Rusiya müəyyən şərtlər daxilində ABŞ-İran münaqişəsinə qoşulacaq” anlamına gəlmir. Əksinə, o, münaqişənin dinc yolla həll olunması üçün bütün vasitələrdən istifadə etməyə hazır olduğunu göstərir”.

Politoloq qeyd edir ki, Rusiya Ukrayna ilə müharibədəki mövcud vəziyyətini nəzərə alaraq yeni bir cəbhə açmaq niyyətində deyil:
“Hazırda Rusiyanın bu münaqişəyə hərbi cəhətdən qoşulmaqda hər hansı marağı yoxdur. Əksinə, yeni bir hərbi qarşıdurmaya qoşulması onun vəziyyətini daha da ağırlaşdıra bilər.
Bununla yanaşı, Putin İranı müttəfiqi kimi də kənarda qoymaq istəmir. Moskva ABŞ ilə mövcud qarşıdurma şəraitində İranın maraqlarını əsasən diplomatik müstəvidə müdafiə etməyə hazır olduğunu nümayiş etdirir”.
Gülbəniz Səfərova






