media-1758201220_5359746034810616311

Son günlər Rusiya ilə Avropa ölkələri (Polşa, Estoniya) arasında gərginlik artmaqdadır. Siyasi bəyanatlar, hərbi təlimlər və qarşılıqlı ittihamlar münasibətləri daha da gərginləşdirir.

Bəs, Rusiya Avropa ölkələri ilə müharibəyə başlaya bilərmi?

Bu barədə Patrulaz.az-a politoloq Aydın Quliyev fikirlərini bölüşüb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələri ilə birbaşa müharibə aparmaq niyyətində deyil. O, sadəcə müharibə mənzərəsini yaradaraq Avropanı qorxutmağa və beləliklə Ukraynaya dəstək verməkdən çəkindirməyə çalışır:

“Rusiya Avropa ilə müharibə görüntüsü yaratmaq istəyir. Bunun arxasında Rusiyanın taktiki planları dayanır: atılan bütün addımlar Avropaya qarşı müharibəyə hazırlaşdığını nümayiş etdirməklə yanaşı, Putinin Avropanı Ukrayna məsələsində qorxutmaq və Ukrayna müharibəsində daha qətiyyətli addımlar atmaqdan çəkindirmək niyyətini göstərir.

Putin Avropada yaşayan xalqların psixologiyasını yaxşı bilir. O bilir ki, Avropa xalqları, xüsusilə İkinci Dünya Müharibəsindən sonra, kifayət qədər təminatlı, sağlam və savadlı şəkildə yaşayıblar. Belə şəraitdə yaşayan insanlar adətən müharibəyə meyilli olmurlar. Üstəlik, Avropa xalqları İkinci Dünya Müharibəsinin dağıntılarından keçiblər və indiki durumda onlar həqiqətən də müharibə istəmirlər; Putin də bunu yaxşı bilir. Buna görə də Avropaya qarşı müharibə başlatmaq görüntüsü yaradaraq Avropa ölkələrinə və xalqlarına təzyiq göstərmək istəyir. Əslində Putinin Avropaya qarşı müharibə başlaması üçün ciddi niyyəti yoxdur. Çünki belə bir müharibə başlasa, onun nüvə müharibəsinə gətirib çıxarmaq riski olduğunu yaxşı bilir. Bu halda həm dünya böyük bir təhlükə ilə üz-üzə qalacaq, həm də Rusiyanın tamamilə məhv olma və dağılma ehtimalı reallaşa bilər.

Putinin Avropaya qarşı müharibəyə hazırlaşmaq görüntüsü nümayiş etdirməsi sadəcə taktiki addımdır. O hazırkı şəraitdə yalnız Ukraynanın ərazisində aparılan müharibənin Rusiyaya nə nəticələr verdiyini qiymətləndirir və müharibənin daha geniş miqyasda yayılmasının Rusiyaya hansı zərərlər gətirəcəyini yaxşı başa düşür”.

media-51760992_110787326723818_3608389054015471616_njpg-1753465551

A. Quliyevin sözlərinə görə, Rusiyanın bəzi Avropa ölkələrinin üzərində uçurduğu dronların əsas məqsədi həmin ölkələrin pilotsuz uçuş aparatlarına (PUA) qarşı hücum hazırlığını öyrənmək və müharibə qorxusu yaratmaqdır:

“Rusiyanın Ukraynanın hüquqlarını pozmaqla yanaşı, Avropaya qarşı atdığı bəzi addımlar məhz müharibəyə hazırlaşdığı təsəvvürünü yaratmaq məqsədi daşıyır. Məsələn, son vaxtlar Rusiyanın dronları müxtəlif ölkələrdə, hətta Almaniyanın, Brüsselin və digər yerlərin hava məkanında, hava limanlarının üzərində müşahidə olunub. Doğrudur, hələlik bu dronlarla Avropadakı hədəflərə zərbə vurulmayıb. Bununla Rusiya həm həmin ölkələrin dron hücumlarına nə dərəcədə hazır olduqlarını yoxlayır, həm də Avropaya qarşı müharibəyə hazırlaşdığı görüntüsünü formalaşdırır. Bu cür davranışla Avropa ölkələrini daha dağıdıcı bir müharibə ehtimalı ilə hədələməyə çalışır.

Yekun olaraq, Putinin Avropaya qarşı müharibə başlatmaq kimi ciddi niyyəti yoxdur, çünki belə bir müharibəni qələbə ilə aparmaq gücünün olmadığını yaxşı bilir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər