media-inshot_20251024_194104510

 Azərbaycan və Rusiya arasında son dövrlərdə müşahidə olunan diplomatik yaxınlaşma və qarşılıqlı etimadın göstəricisi olaraq, “Sputnik Azərbaycan” işində həbs olunanların azadlığa buraxılması regionda münasibətlərin normallaşmasını işarə edən əlamətlərdən biri sayılır.

Xüsusən də iki Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında 10 aydan sonra Düşənbədə baş tutan ilk rəsmi görüş zamanı Putinin AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı üzr istəməsi, o cümlədən kompensasiyanın ödəniləcəyi vədini verməsi Bakı-Moskva münasibətindəki gərginliyi yumşaltmağa başladı.

Hər iki ölkə arasındakı mövcud münasibəti şərh edən politoloq Elşad Mirbəşiroğlu Patrulaz.aza açıqlamasında bildirib ki, görüşdən sonra Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafı və normallaşdırılması istiqamətində addımların atıldığı müşahidə olunur:

“Düşünürəm ki, bu, tərəflər arasında münasibətlərin davam etdirilməsi və normallaşdırılması istiqamətində addımların atıldığını və bu istiqamətdə marağın mövcud olduğunu göstərir. Biz, Rusiya rəsmilərindən dəfələrlə eşitmişik ki, münasibətlərin inkişaf etdirilməsi vacibdir.

Əlavə olaraq, Rusiya Prezidentinin sözçüsü Peskov Bakı və Moskva arasında münasibətlərin inkişaf etdirilməsi və normal məcrada qalmasının vacibliyini vurğulayıb. Bu baxımdan hesab edirəm ki, Rusiya ilə Azərbaycan qonşu ölkələr olaraq bir-biri ilə münasibətlərin möhkəmləndirilməsində maraqlıdır. İqtisadi bağlarımız mövcuddur və bildiyimiz kimi, ticarət-iqtisadi əlaqələr davamlı olaraq inkişaf edir; burada hər zaman müsbət göstəricilər müşahidə olunur”.

media-inshot_20251024_193522428

Politoloqun sözlərinə görə, Bakı-Moskva münasibətlərinin inkişafı hər iki ölkə tərəfindən səmimi şəkildə dəstəklənir:

“Düşünürəm ki, bu, Azərbaycan tərəfindən müsbət bir jestdir. Ayrıca qeyd etmək lazımdır ki, bu gün İlhan Əliyev ilə Putin arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər əməkdaşlığın və münasibətlərin inkişaf etdirilməsi barədə müzakirələr aparıblar. Hesab edirəm ki, Azərbaycanın xarici siyasət prinsiplərinə uyğun olaraq, qonşularla dinc və səmimi münasibətlərin inkişaf etdirilməsi istiqamətində biz hər zaman səmimi mövqe nümayiş etdiririk. Eyni zamanda, Rusiya tərəfi də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu həm ölkə Prezidentinin, həm də digər rəsmilərin bəyanatlarında göstərir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər