"Rusiya-Ukrayna münaqişəsi Amerikanın strateji planının tərkib hissəsidir" - ANALİTİK ŞƏRH
2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi dördüncü ilini geridə qoysa da, cəbhədə vəziyyət hələ də pik həddədir. Xüsusilə Donbas Rusiyanın hücum əməliyyatları üçün əsas ağırlıq mərkəzi olaraq qalır. Müxtəlif istiqamətlərdə döyüşlər davam edir.
Müharibə artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır, son vaxtlar Rusiyanın özündə də müxtəlif terror hadisələri baş verir. Bu yaxınlarda Moskvada polis avtomobili partladılıb. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, cəbhədə irəliləyiş əldə edə bilməyən Ukrayna bu kimi əməllərə əl atır.
Bununla yanaşı, siyasi arenada Rusiya, ABŞ və Ukrayna rəsmiləri arasında üçtərəfli görüşlər davam edir. Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıq zamanı martın əvvəlində keçiriləcək növbəti üçtərəfli görüş də müzakirə olunub. Tramp müharibəni bir ay ərzində başa çatdırmaq istədiyini vurğulayıb. Zelenski isə bildirib ki, ardıcıl keçirilən bu görüşlər müharibəyə son qoymağın yeganə yoludur.
Bəs 2022-ci ildən davam edən müharibə necə oldu ki, bu qədər gərgin mərhələyə çatdı? Tərəflər arasında danışıqlar aparılsa da, niyə müharibə hələ də davam edir?
Müharibədə üçüncü tərəflərin rolu ilə bağlı politoloq Azad Məsiyev Patrul.az-a fikirlərini bölüşüb. Onun sözlərinə görə, müharibəni qızışdıran və indi onu bitirməyə çalışan eyni ölkədir:
“Bildiyimiz kimi, Rusiya-Ukrayna münaqişəsi 4 ildir ki, davam edir. Artıq bu regional münaqişədən qlobal müstəviyə keçib. Bu artıq təkcə Moskva-Kiyev münaqişəsi deyil, NATO ilə Rusiya arasında gedən bir savaşa çevrilib. Bu münaqişədə Rusiya həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən üstünlük əldə edib. Yəni, Rusiya hazırda Ukraynanın 20 % ərazisinə nəzarət edir və gün keçdikcə də onun hərbi kontingenti Ukraynanın içərisinə doğru irəliləyir.
Bu münaqişə həm Avropa Birliyi, həm də NATO blokadasında da ciddi çatlar yaradıb. İqtisadi sahədə isə Ukraynanın təbii sərvətlərinin 60, 70 %-i Rusiyanın nəzarət etdiyi bölgələrdədir. Bu münaqişədə faktiki olaraq Rusiya qalib tərəfdir. Buna görə də, onun şərtləri qəbul edilmədikcə, müharibənin bitməsi qeyri-mümkündür.
Münaqişə faktiki nəticədir. Hər bir nəticəni doğuran səbəb var. Nəticə səbəbsiz baş vermir. Əgər ki, Rusiya münaqişəsi bir nəticədirsə, onu doğuran səbəb də var. Həmin səbəb də aradan qaldırılmalıdır. Səbəb də ondan ibarətdir ki, başda ABŞ olmaqla, NATO bloku Rusiyanı düşmən elan edib. Nəticədə onlar Kreml hökumətini dünya siyasətində təcrid etmək üçün NATO-nu əraziyə göndərərək onun ətrafında qaynar ocaqlar yaratmağa çalışırlar. Onlar Rusiyanı düşmən kimi gördüklərindən münaqişə uzanır”.
Politoloqun sözlərinə görə, indi müharibəni bitirməyə çalışan Tramp administrasiyası olsa da, münaqişənin başlanmasında ABŞ strategiyasının rolu olub:
“ABŞ Prezidenti Donald Tramp da açıq şəkildə bəyan etmişdi ki, bu müharibə keçmiş ABŞ Prezidenti Co Baydenin qızışdırdığı münaqişəsidir. Yəni, hər iksi də ABŞ Prezidenti olsa da, münaqişənin yaranmasında ABŞ strategiyasının rolu olub.
Amerika üçün üç təhlükə mənbəyi var: Onlardan birincisi hərbi gücünə görə Rusiya, ikincisi iqtisadi gücünə görə Çin və üçüncüsü isə maliyyə gücünə görə Avopadır. Bu baxımdan Rusiyanı həm hərbi, həm də iqtisadi cəhətdən zəiflətmək üçün mütləq bu müharibə baş verməli idi. Uzun müddət idi ki, ABŞ Moskva ətrafında qaynar ocaqlar yaradıb, “rəngli inqilablar” adı altında ayrı-ayrı ölkələrdə dövlət çevrilişi edirdi. Onlar özlərinə müasir bir hakimiyyət qurub, onu Rusiyaya qarşı istifadə edirlər. Biz buna Gürcüstan və Ukraynada şahidi olmuşuq. Hətta Belarusiyada da evdar bir qadını hakimiyyətə gətirərək həmin ssenarini həyata keçirmək istədilər, amma bu baş tutmadı. Bir sözlə, Amerikanın bu müharibə vasitəsilə əsas məqsədi Rusiya ətrafında qaynar ocaqlar yaradaraq, bu yolla onu zəiflətməkdir”.
A.Məsiyev Ukrayna müharibəsinin davam etməsində ABŞ-nin iki əsas məqsədini sadalayıb:
“Rusiya-Ukrayna münaqişəsi Amerikanın strateji planının tərkib hissəsidir. Burada məqsəd həm Rusiyanın hərbi gücünü zəiflətmək, həm də Avropanın iqtisadi gücünü çökdürməkdir. Amerika üçün əsas təhlükə mənbələrindən biri Avropanın pul vahidi olan yevrodur. Amerikanın gücü pul vahidi olan dollardadır. Dollar isə dünya valyutası kimi dövriyyədə zəifələyərsə, Amerika imperatorluğu da zəifləyər. Dollara rəqib olan yevro isə dünya valyutası kimi dövriyyədədir. Yevronun aktivləşməsi dolların zəifləməsi deməkdir. Bu baxımdan ABŞ yevronu dünya valyutası kimi dövriyyədən çıxartmaq üçün mütləq şəkildə Avropa iqtisadiyyatını da çökdürməlidir. Avropa iqtisadiyyatı isə yalnız tərkibindəki ölkələrin münaqişəyə cəlb edilməsi ilə çökə bilər. Faktiki olaraq, da Avropa Ukrayna üzərindən münaqişəyə cəlb olunub”.
Həmsöhbətimiz qeyd edir ki, əslində bu müharibə vasitəsilə Rusiya ilə Avropa arasındakı əlaqələr də kökdən kəsildi:
“Hələ münaqişə başlamamışdan öncə Avropanın Rusiyada 800 milyard yevro sərmayəsi var idi. Bu sərmayə həm Avropanı, həm də Rusiyanı iqtisadi cəhətdən gücləndirirdi. Bu da Amerika strategiyasına uyğun deyildi. Hətta ABŞ dəfələrlə Almaniyanı “Şimal axını 2″ kəmərin çəkilməməsi ilə bağlı təhdid edirdi. Çünki bu kəmərin çəkilməsi Avropanın enerji cəhətdən gücləndirilməsi demək idi. İqtisadiyyatın isə iki əsas şərti var: Enerji və xammal. Bunlar da Avropaya Rusiyadan gəlirdi. Bunun qarşısını almaq üçün də Ukrayna münaqişəsi yaradıldı. Nəticədə Rusiyanın Avropa ilə əlaqəsi kəsildi. Artıq ekspertlər də bildirirlər ki, Avropanın maşınqayırma sənayəsi çökməyə, iqtisadiyyat isə günü-gündən geriləməyə doğru gedir. Buna da əsas səbəb həm Avropa ilə Rusiya arasında enerji ilə əlaqənin kəsilməsi, həm də xammalların alınmasının qarşısının alınması oldu. Bir sözlə, Rusiyadan ayrılmış Avropanın iqtisadiyyatı çökməyə başladı. Nəticədə Rusiyaya tətbiq olunan sanksiyalar Avropanı da çökdürür”.

Politoloq qeyd edir ki, Moskva- qarşıdurmasında ABŞ özünü kənarda olan tərəf kimi göstərsə də, əslində müharibəyə təsiri böyükdür. Onun sözlərinə görə, Ukrayna üçün Avropa ölkələrinə silah satan ABŞ bu yolla onların iqtisadiyyatını zəiflədir:
“Rusiya-Ukrayna müharibəsində ABŞ oyundan kənarda durur. Tramp hökuməti Ukraynaya yardım etməyəcəyini bəyan edir. Onun fikrincə bu maliyyə yardımını Avropa etməlidir. Yəni, yüz milyardlarla yevro dəyərində pul vahidi Ukraynaya dəstək üçün ayrılır. Bu da silah-sursatın Amerikadan alınmasına səbəb olur, yəni həmin vəsait Avropa iqtisadiyyatının inkişafına qoyulsa idi, daha çox güclənərdi, yevronun da dünya valyutasında daha yüksək bir dəyəri olardı. Nəticədə bu münaqişə səbəbilə Avropa yüz milyardlarla vəsaiti ABŞ-yə verərək Ukraynaya dəstək verirlər. Bu səbəblə də onların iqtisadiyyatı çökür, münaqişə də uzanır”.
Politoloq 2022-ci ildə əldə olunmuş İstanbul razılaşmasından Zelenskinin imtina etməsinin ağır nəticəsini də vurğuladı:
“Rusiyanın Ukraynaya olan şərtləri aydındır. Avropa tərəfi də bu şərtlərin qəbul edilməməsi üçün Ukraynanın təhrik edir ki, münaqişəni dayandırmasınlar. Artıq prosesi elə bir pik həddə çatıb ki, müharibənin qısa müddətdə yekunlaşdırılması real görünmür. Münaqişə uzandıqca isə ən böyük əziyyəti Ukrayna xalqı çəkir.
2022-ci ilin aprel-may aylarında əldə olunmuş “İstanbul razılaşması”ki, var, əgər o, gündəmdə qalıb, həyata keçirilsə idi, Ukrayna nə bu qədər torpaq itirərdi, nə də ağır şərtlərlə sınanardı.
O dövürdə Zelenskini qızışdıran Böyük Britaniyanın baş naziri Conson oldu. Belə ki, Ukrayna onun təhriki ilə həmin sazişdən imtina etdi. Görünür, Zelenski bir alət kimi idarə olunur. Onun bu münaqişənin həllində heç bir iradəsi yoxdur. Sadecə olaraq Qərb və Amerikadan gələn təkliflərə əsasən Zelenki oynayır. Münaqişə uzandıqca ən böyük ziyan Ukrayna xalqına və Avropa iqtisadiyyatına dəyir. Münaqişəni yaradan ABŞ isə udan tərəf rolunda çıxış edir”.
A.Məsiyevin fikrincə, müharibə baş versə də, baş verməsə idi də qazanan ABŞ olacaqdı:
“Məsələnin dərinliyinə getsək, görərik ki, münaqişə baş versə də, baş verməsə idi də ABŞ-nin xeyrinə olacaqdı. Əgər 2022- ci ildə bu müharibə başlaması idi, Ukrayna NATO-ya daxil olacaqdı. Bu zaman yenə də qalib tərəf ABŞ olacaqdı.
Həm də Amerika bu müharibədə silah-sursat satmaqla yüz milyardlarla gəlir əldə edir. Hətta ABŞ istədiyi kontraktları Ukrayna ilə imzaladı. Bunu Trampla Zelenski arasındaki iqtisadi razılaşmalarda da gördük. Rusiya sadecə bu proseslərdə ən gözəl müdafiə “hücumdur” prinsipini tətbiq etdi.
Kreml dəfələrlə bəyan etmişdi ki, NATO-nun Rusiyanın sərhədlərinə doğru irəliləməsi birbaşa Rusiya üçün təhlükə mənbəyidir. Rusiya dəfələrlə bu mövqedən çıxış edirdi. Amma təəssüflər olsun ki, başda ABŞ olmaqla, Qərb koalisiyası, NATO bloku Rusiyanın çağrışlarına məhəl qoymadı. Nəticədə də Moskva ən radikal seçimini etdi. Bir sözlə, Rusiya-Ukrayna müharibəsi dünyanın iqtisadi siyasi sistemini köklü şəkildə dəyişdi. Artıq dünya siyasəti beynəlxalq deyil, hücum qanunları ilə tənzimlənir. Biz bunun real şahidiyik”.
Gülbəniz Səfərova






