Rusiya: “Ukraynaya məxsus 93 PUA vuruldu”
Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun həyata keçirdiyi hava hücumları nəticəsində ərazisinə yönəlmiş 93 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin verdiyi rəsmi məlumatda Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Kursk vilayətində 87, Rostov vilayətində 4, Belqorod vilayətində isə 2 PUA-nı zərərsizləşdirildiyi qeyd olunub. Nazirlik Ukraynanın bu hücumlarının infrastruktura və mülki obyektlərə təhdid yaratdığını bildirib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasında vurğulanıb: “Hava hücumundan müdafiə qüvvələrimiz bütün təhlükəsizlik tədbirlərini görərək düşmənin pilotsuz aparatlarını vaxtında məhv edib. Bu cür hücumlar Rusiya ərazisində sabitliyi pozmaq məqsədi daşıyır”.
Xatırladaq ki, son aylarda Ukrayna ilə Rusiya arasında PUA hücumları intensivləşib. Ukrayna bir neçə dəfə Rusiya ərazisindəki hərbi və infrastruktur obyektlərini hədəf aldığını bəyan edib.
Qeyd edək ki, bu, Ukraynanın Rusiya ərazisinə qarşı həyata keçirdiyi ən iri PUA hücumlarından biri hesab olunur.
Gülbəniz Səfərova