“Sağlam ailə üçün psixoloji müayinə şərtdir”- PSİXOLOQ
“Ailə özlüyündə kiçik bir sistemdir. Tərəflərin ortaq məxrəcə gələ bilməsi, yaranacaq problem zamanı güzəştə gedə bilmələri, anlayışlı olmaları və nəhayətində bir-birini yaxşı tanıması ailə münasibətlərinin, dolayısı ilə bu sistemin əsas məqamlarından birini təşkil edir. Çünki ailə daxilində haqlı kimdir, haqsız kimdir məslələri ortaya çıxdıqda istər-istəməz konfliktlər yaranır. Belə olduqda insanlar emosiyalarını idarə edə bilmir və problemlər daha da qabarır. Artıq bir müddət sonra düzgün ünsiyyət də qura bilmirlər ki, bu da ailə daxili münasibətlərdə gərginliyi son həddə gətirir. Burada digər məsələ də təbii ki, kişi və qadın psixologiyasının fərqli olmasıdır. Belə hallarda həm də, kişi və qadını bir-birinə yanaşma forması və bir-birindən gözləntisi məsələsi də fərqli olur”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman-Klinik psixoloq Narınc Rüstəmova deyib.
O bildirib ki, çox zaman kişi qadından anlayış gözləyir, eyni zamanda qadın da kişidən daha anlayışlı olmasını, güzəştə gedə bilməsini, onunla razılaşmasını istəyir: “Bəzən aralarında çox yaş fərqi olan cütlüklərdə birinin digərindən üstün olması, məsləhət verməsi sanki ata-ana kimi davranması hallarına da rast gəlirik. Belə ki, ailələrdə bəzən bir tərəfin davamlı digər tərəfin səhvlərini düzəltməyə çalışması, etdiklərini az hallarda qəbul etməsi və ya ona tez-tez yol göstərməsi bir müddət sonra partnyor üçün dözülməz hala gələcək. Belə ki, o sizinlə eyni fikirdə olmaya bilər və onunla belə desək, uşaq kimi davranmağınızı qəbul etməyə bilər. Əksinə sağlam ailələrdə isə rollar aydındır, qarşılıqlı razılaşma əsasında qurulur və hər bir üzvün şəraitinə uyğundur. Onların ailədəki rolları yaş, mədəniyyət, ənənə və s. ilə müəyyən edilir. Sağlam ailənin funksiyalarını belə sıralamaq olar: Ailə üzvləri bir-birlərinə qarşı olan müsbət və mənfi hisslərini açıq şəkildə bildirirlər, hər bir ailə üzvü bir-birini başa düşdüyünü hiss edir, ailə üzvləri bir-birlərinin fərqlərini qəbul edir, ailə üzvləri qayğı və sevgi ilə münasibət qurur və özlərini dəyərli və ailəyə aid hiss edirlər.
Gələcəkdə sağlam ailə münasibətlərinin qurulması üçün gənclərin tibbi müayinədən olduğu kimi, psixoloji müayinədən də keçmələri vacibdir. Eyni zamanda ailədə baş verən konfliktlər, çətin dönəmlər zamanı da tərəflərin psixoloji dəstək alması onların baxış bucağının dəyişməsinə,bir-birini anlamasına gətirib çıxaracaq. Psixoloji dəstək və peşəkar psixoloq öz növbəsində vəziyyətin daha da yaxşılaşmasına və boşanmaya qədər gedib çıxa biləcək münasibətlərin tənzimlənməsinə kömək olur. Həmçinin, psixoloji dəstək alan insanlar bir-birinin zəif və güclü tərəflərini daha obyektiv şəkildə anlaya bilir, çətin bir situasiya anında qarşısındakı insana, sevdiyi şəxsə daha anlayışlı davrana bilir. Bu zaman konflikt etmək, aqressiv davranmaq əvəzinə problemin həllinə yönəlik davranışlar göstərirlər. Beləliklə, cütlüklər arasındakı münasibətlərin və yaşanan problemlərin psixoloqlar tərəfindən tənzimlənməsi onların gələcək ailə həyatına müsbət mənada təsir göstərə, həmçinin ailə qurmaq mərhələsində adaptasiya prosesini daha sağlam şəkildə həyata keçirilməsinə kömək ola bilər”.
Səbinə Hüseynli