Savaş, partlayış, faciə - Hər şeydən xəbərdarsan... Bəs öz halından?
Səhər gözünü açırsan, telefona uzanırsan, ilk gördüyün başlıq: “Fəlakət”, “Partlayış”, “Savaş”, “İntihar”, “İqlim böhranı”… Artıq xəbərlər informasiya mənbəyi yox, bir növ stress siqnalı kimi beyinlə göz arasında səssiz bir qışqırığa çevrilib. Hər şeydən xəbərdar olmaq istəyirsən, amma eyni zamanda bu xəbərdarlıq halı səni tükədir. Bütün dünyada insanlar bu fenomenlə qarşı-qarşıyadır. Bunun adı isə “xəbər yorğunluğu”dur.
Patrulaz.az-ın araşdırmasına görə, xəbər yorğunluğu, yəni daim informasiya axınında olmaqdan dolayı yaşanan emosional və zehni tükənmə vəziyyəti xüsusilə son illərdə geniş yayılıb. Müharibələr, iqtisadi böhranlar, pandemiyalar, iqlim dəyişikliyi, sosial narazılıqlarla dolu dünya sanki heç rahat nəfəs almaq istəmir. Bu da insanların daim xəbər izləmək ehtiyacını doğurur, çünki “görəsən indi nə oldu?” sualı bir virus kimi zehnimizə yeriyib. Lakin bu ehtiyac çox vaxt informasiya ilə yüklənmək, panikaya düşmək və nəticədə həyat keyfiyyətinin aşağı düşməsi ilə nəticələnir.
Bir vaxtlar xəbər oxumaq hadisələrdən agah olmaq, dünyada baş verənlərə bələd olmaq demək idi. İndi isə bu, çox zaman bir zərurət yox, bir yük kimidir. Davamlı xəbər izləmək, neqativ başlıqlarla dolu lentləri sürüşdürmək beyin üçün real təhlükəyə çevrilib. Beyin bu informasiyanı sadəcə analiz etmir, eyni zamanda emosional reaksiya verir. Hər faciə, hər kədərli statistika insan psixikasını az da olsa zədələyir. Zamanla bu informasiya axını beyində duyğusuzluq (emosional uyuşma), ümidsizlik, təşviş və hətta depressiya əlamətləri ilə əvəz olunur. Artıq xəbərləri izləyə-izləyə məlumatlanmırıq, sadəcə yoruluruq.
Bu prosesə təsir edən əsas amillərdən biri də sosial mediadır. Ənənəvi xəbər portallarından fərqli olaraq, sosial şəbəkələrdə xəbərlər vizual olaraq daha şokedici, başlıqlar daha sensasion, yanaşma isə daha emosional olur. İnsanlar xəbərləri oxumadan sadəcə başlığı ilə qərar verir, ya da videonun ilk 10 saniyəsi ilə beyni xəbərdar olmağa məcbur edir. Bu, bir növ zehni bombardmandır və nəticədə informasiya qəbulu ilə yanaşı, emosional yüklənmə də baş verir. Bir hadisəni 10 fərqli formatda, 20 müxtəlif dildə, 30 fərqli hesabdan izləmək sadəcə xəbər almaq deyil, bu artıq zəhərlənməkdir.
Maraqlıdır ki, xəbərlərdən qaçmaq da problemi həll etmir. Çünki informasiya harada olsa bizi tapır: telefonda, televizorda, dostlarımızla söhbətdə, reklam bannerində, metroda, küçədə, marketdə və s. Beləliklə, insan ya bu dalğanın altında əzilir, ya da bir nöqtədə duyğularını bağlayır. Duyğusuzlaşma isə cəmiyyət üçün daha təhlükəlidir. Çünki bu hal həm şəxsi, həm ictimai passivlik yaradır.
Bu vəziyyətdən çıxış üçün nə etməliyik?
Xəbər detoksuna keçmək bir başlanğıcdır. Hər an hər şeyi bilmək məcburiyyətində deyilik. Etibarlı və balanslı mənbələr seçmək, xəbərləri günün müəyyən saatlarında və məhdud miqdarda izləmək psixoloji sağlamlıq üçün vacib addımlardır. Bəzən isə sadəcə sakit bir musiqi açıb, pəncərəni açmaq və dünyanın “şərsiz” üzünə də baxmaq lazımdır.
Çünki gündəmi izləmək məsuliyyətdir, amma psixikanı qorumaq da bir o qədər zərurətdir. İnsan daim hər şeydən xəbərdar olub özündən xəbərsiz yaşaya bilməz. Əgər xəbərlər səni dəyişdirə bilmirsə, demək yükləyir. Bəzən bir xəbəri bilməmək, bir az daha sağlam qalmaq deməkdir.
Ləman Sərraf






