"Savaşın başlamasına saatlar qala bilər" - ŞƏRH
İran və ABŞ arasında danışıqların ikinci mərhələsi üçün müzakirələrin aparıldığı vaxtda Hörmüz boğazında vəziyyət yenidən gərginləşib. Oman körfəzində Amerika hərbi dəniz qüvvələrinin İrana məxsus “Tuska” konteyner gəmisini ələ keçirməsi rəsmi Tehranın danışıqlardan imtina etməsi ilə nəticələnib.
ABŞ isə müharibənin bitməsini istədiyini desə də, Hörmüzdə İrana məxsus gəmiyə hücum etdiyini təsdiqləyib. Tərəflər arasında Pakistanın vasitəçiliyi ilə aprelin 8-də əldə olunan iki həftəlik atəşkəs razılaşması da aprelin 21-də yekunlaşacaq.
ABŞ və İran arasında hansı məsələlər həll olunsa, sülhə nail olmaq mümkün olar?
Bununla bağlı politoloq Əli Mustafa Patrul.az-a fikirlərini bölüşüb.
O, Tehran və Vaşinqtonun əsas istəklərini sadalayaraq, tərəflərin güzəştə getməyəcəyi təqdirdə müharibənin qaçınılmaz olduğunu vurğulayıb:
“ABŞ və İran arasında etimad mühiti çox da dərin deyil. Düzdür, atəşkəsin müddəti də sabah bitir. Nə baş versə idi, bu danışıqlar uğurlu alınardı? Fikrimcə, İran istəyir ki, ABŞ Hörmüzə nəzarət etməsin, yəni blokadanı aradan qaldırsın. Amerika isə blokadanı aradan qaldırmamaqla İranı yenidən anti-Amerika mövqeyinə qaytarır.
ABŞ-nin əsas məqsədi İranın nüvə proqramından tam imtina etməsi və əlindəki zənginləşdirilmiş uranı təhvil verməsidir. Yəni Tehran uranı Vaşinqtona versə, müharibə bitə bilər. Amma əsas məsələ ondadır ki, İran ABŞ-nin tələblərini sərt hesab edir və qəbul etmək istəmir. Bu baxımdan son iki gündə yaranmış vəziyyət tərəflər arasında münasibətləri daha da gərginləşdirərək yenidən müharibə riskini artırır”.

Həmsöhbətimiz əlavə edib ki, hər iki tərəf danışıqlardan bəhs etsə də, müharibəyə hazırlıq ehtimalı da istisna edilmir:
“Tehran rəsmi olaraq Vaşinqtonla danışıqlardan imtina edib. Amma ehtimal ki, vasitəçilər onları razı salmağa çalışacaqlar. Əgər tərəflər bir masa arxasında toplaşa bilsələr, atəşkəsin uzadılması üçün şans yaranar. Lakin İran danışıqlardan qəti şəkildə imtina etsə, müharibə qaçılmaz olacaq.
Ən narahatedici məqam ondan ibarətdir ki, hər iki tərəf sülhdən daha çox müharibəyə hazırlaşır. Bir sözlə, tərəflərin istəkləri qarşılıqlı şəkildə məqbul hesab olunsa və kompromis əldə edilsə, qarşıdurmanın qarşısı alına bilər. Əks halda, tərəflər mövqelərində israrlı qalarsa, müharibə qaçılmaz olacaq.
Hazırda ABŞ-nin əlində İrana məxsus bir gəmi var ki, bu da Tehranda ciddi narahatlıq yaradıb. Bu hadisədən sonra İran rəsmi şəkildə bəyan edib ki, ABŞ ilə görüşə getməyəcək və bunu atəşkəsin pozulması kimi qiymətləndirir. Görünür, hər an müharibə riski mövcuddur. Əgər tərəflərin barışmaq niyyəti olsa, bu mümkündür. Əks halda, müharibənin başlanmasına günlər, hətta saatlar qala bilər”.
Gülbəniz Səfərova






