"Seçkilərdə Paşinyan uduzarsa, onun yerinə gələn yeni hökumət sülh sazişi prosesini tormozlaya bilər" - POLİTOLOQ
Ermənistanda 2026-cı il parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirilir. Son illərdə baş verən regional proseslər və təhlükəsizlik dəyişiklikləri seçki mühitinə birbaşa təsir göstərir. Nəticə isə təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın gələcək siyasi balansı üçün mühüm rol oynaya bilər.
Bəs Paşinyan getsə nə dəyişəcək?
Mövzu ilə bağlı Patrul.az politoloq Rəşad Bayramovun fikirlərini öyrənib.
O bildirib ki, Ermənistandakı seçkilər həqiqətən də təkcə daxili siyasi yarış deyil, həm də Cənubi Qafqazın ümumi geosiyasi balansına təsir edə biləcək bir mərhələ kimi qiymətləndirilməlidir:
“Çünki son illərdə regionda təhlükəsizlik arxitekturası, sərhəd dinamikası və xarici güclərin təsir mexanizmləri ciddi şəkildə dəyişib. Bu isə seçkiləri adi hakimiyyət dəyişikliyi yarışından daha strateji prosesə çevirir.
İlk olaraq onu deyim ki, Paşinyanın mövqeləri keçən seçkilərdəki qədər güclü olmasa da amma prinsipcə hələ də rəqiblərindən daha üstün görünür. İctimai dəstək var, komanda daxilində parçalanma yoxdur, iqtisadi baxımdan da vəziyyət normaldır. Buraya Ermənistan müxalifətinin vahid olmamasını, əsasən anti-Qərb yönümlü şəxslərdən ibarət olmasını və ən əsası onların hələ də Azərbaycan və Ermənistan arasında sülhü həzm edə bilməməsini əlavə etdikdə deyə bilərik ki, Paşinyanın uduzması ehtimalı olduqca aşağıdır. Ermənistan cəmiyyəti yeni müharibənin hansı nəticələrə gətirib çıxara biləcəyini artıq yavaş-yavaş da olsa anlayır və Paşinyan müxalifətinin sülh tərəfdarı olmadıqlarını da başa düşür”.
Müsahibimizin sözlərinə görə, bu və ya digər səbəbədən dəyişiklik baş verəcəksə ilk olaraq Ermənistanın xarici siyasət balansında dəyişiklər baş verəcək:
“Ermənistan son illərdə Rusiya ilə ənənəvi asılılıq münasibətlərini zəiflədərək Qərbə daha açıq, çoxvektorlu siyasət kursuna yönəlib. Əgər hakimiyyət dəyişərsə, bu kurs ya yavaşlayar, ya da yenidən Rusiya yönümlü balanslaşdırılmış modelə qayıda bilər. Lakin bu dönüş tam və kəskin olmaya bilər, çünki Ermənistan artıq təkcə siyasi qərarla deyil, struktur asılılıqlarla da çox istiqamətli əlaqələrə bağlanıb”.

R.Bayramov ikinci dəyişikliyin təhlükəsizlik sahəsində ola biləcəyini ehtimal edir:
“Yeni hakimiyyət sülh prossesində fərqli mövqe sərgiləyə və ya sülh sazişinin imzalanması üçün atılmalı olan addımlardan yayınmaqla prossesi tormozlamağa çalışa bilər. Bu isə avtomatik olaraq həm Azərbaycan-Ermənistan münasibətlərində və həm də ümumilikdə Cənubi Qafqazdakı gərginlik dinamikasına təsir edər. Amma Ermənistanda kimin hakimiyyətdə olmasında asılı olmayaraq artıq heç bir qüvvə əsas geosiyasi reallıqları kökündən dəyişmək gücündə deyil”.
Ləman Sərraf






