Səhər yemək yeməyənlərin NƏZƏRİNƏ: “Enerjinin azalmasına və diqqət dağınıqlığına səbəb ola bilər”
Günün ilk qidası hesab edilən səhər yeməyi insan orqanizminin gün ərzindəki fəaliyyətinə birbaşa təsir göstərən vacib amillərdən biridir. Bir çox insanlar zaman azlığı, iş rejimi və ya vərdiş səbəbilə səhər yeməyini buraxmağı adi hal kimi qəbul edir. Lakin bu vərdişin sağlamlıq baxımından hansı nəticələr doğurduğu, orqanizmin buna necə reaksiya verdiyi və uzunmüddətli təsirləri cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır. Səhər yeməyini buraxmaq orqanizm üçün nə qədər təhlükəlidir?
Bu barədə Qida eksperti Fərid Səfərov Patrul.az-a açıqlamasında bildirib ki, səhər yeməyini buraxmaq bəziləri üçün enerji və diqqət azalmasına səbəb ola bilər, amma düzgün qidalanma ilə təhlükəsiz ola bilər:
“Səhər yeməyini buraxmağın orqanizmə təsiri insanın yaşı, sağlamlıq vəziyyəti, həyat tərzi və gün ərzində necə qidalanmasından asılıdır.Səhər yeməyi gecə boyunca azalan qan şəkərinin stabilləşməsinə kömək edir. Onu buraxmaq bəzi insanlarda halsızlıq, diqqət dağınıqlığı, əsəbilik və günün ilk yarısında enerji çatışmazlığına səbəb ola bilər. Xüsusilə insulin müqaviməti, şəkərli diabet riski olanlar, hamilələr və aktiv fiziki iş görən şəxslər üçün bu daha problemli ola bilər. Eyni zamanda səhər yeməyini yeməyənlər günün sonrakı saatlarında daha çox və nəzarətsiz yeməyə meyilli ola bilirlər ki, bu da çəki artımı riskini yüksəldir.Digər tərəfdən, sağlam fərdlərdə və düzgün planlaşdırılmış qidalanma fonunda səhər yeməyini buraxmaq hər zaman təhlükəli sayılmır. Bəzi insanlar “intermittent fasting” kimi qidalanma modellərində özlərini yaxşı hiss edir və metabolik göstəriciləri normal qalır. Burada əsas məsələ gün ərzində zülal, lif, vitamin və mineral ehtiyacının tam qarşılanmasıdır”.

Ekspertin sözlərinə görə, səhər yeməyini buraxmaq hər kəs üçün zərərli deyil, amma sağlamlıq problemləri varsa, qidalanma rejimini fərdi tənzimləmək vacibdir:
“Nəticə olaraq, səhər yeməyini buraxmaq hər kəs üçün eyni dərəcədə zərərli deyil. Lakin xroniki yorğunluq, konsentrasiya problemi, qan şəkəri dalğalanmaları yaranırsa, bu vərdişi yenidən gözdən keçirmək və fərdi ehtiyaclara uyğun qidalanma rejimi qurmaq daha doğru olar.
Sağlam qidalanaraq sağlam yaşayın!”.
Cəmilə Cəfərzadə






