Səhnədən əbədiyyətə: Rasim Balayevin ölməz izi - VİDEO
Azərbaycan kinosunun əfsanəsi…
Bu sözlər Rasim Balayev kimi ölməz bir sənətkarın adına necə yaraşırsa, ölüm xəbəri bir o qədər yaraşmır. O, bizim yaddaşımızda sadəcə aktyor deyil, ruhumuza hopan qəhrəmanlıq simvolu idi. Biz onu Nəsimi, Babək, Beyrək kimi tanıdıq, sevdik və onunla böyüdük.
O filmlərə baxa-baxa mərdliyin nə olduğunu anladıq, cəsarətin, igidliyin nə demək olduğunu öyrəndik. Sanki o obrazlar sadəcə ekran işi deyildi, həyat dərsi idi.
Heç vaxt düşünmədik ki, belə qüdrətli bir insan da qocala bilər… Yorula bilər… Hətta bir gün bu dünyadan köçə bilər. Çünki Rasim Balayev bizim üçün zəifliklə yox, əzmkarlıqla, qürurla, dik duruşla assosiasiya olunurdu. O, həyatın çətinlikləri qarşısında belə susmağı, şikayət etməməyi ilə də böyük idi.
Təəssüf doğuran məqamlardan biri də odur ki, ömrünün son illərində biz onu adına, sənətinə layiq olan ekran işlərində tez-tez görə bilmədik. Amma bu, onun sənətdə qoyduğu izə zərrə qədər kölgə sala bilmədi. Çünki o iz artıq tarixə həkk olunub, silinməz, unudulmaz və əbədidir.
Rasim Balayev bir aktyordan daha artığı idi. O, bir dövr idi. Bir məktəb idi.
Biz, orta yaşlı nəsil, onu heç vaxt qocalmış, yorulmuş halda xatırlamayacağıq. Bizim yaddaşımızda o, həmişə gənc, məğrur və ölməz qalacaq… Eynilə canlandırdığı qəhrəmanlar kimi.
Allah rəhmət eləsin…
Aynur Nadirqızı
Günay Salayeva
Aslan Nadiroğlu






