Şərhçi: “Avropa İttifaqı sərhədlərin açılmasını istəyirsə, Ermənistan tələbləri….
Avropa İttifaqı Qara dənizə çatmaq üçün Mərkəzi və Cənubi Qafqaz ölkərində sərhədlərin açılmasını istəyir. Avropa Komissiyasının rəhbəri Ursula Von der Leyen son açıqlamasında Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında sərhəd keçidlərinin vacibliyini vurğulayıb. Von der Leyen, xüsusilə 30 illik qapalılıqdan sonra Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılmasının yalnız regiondaxili deyil, həm də Avropa ilə Mərkəzi Asiya arasında yeni ticarət və əməkdaşlıq imkanları yaradacağını vurğulayıb. Bu dəyişikliklərin Avropanın və Mərkəzi Asiyanın qarşılıqlı faydalı əlaqələrini daha da möhkəmləndirəcəyinə ümid etdiyini bildirib. Bu yeni münasibətlərin və sərhəd keçidlərinin açılmasının Azərbaycan və Ermənistan arasında sülh prosesini necə təsir edə biləcəyini və bu addımın daha geniş geopolitik kontekstdə hansı nəticələrə səbəb olacağı barədə politoloq Elxan Şahinoğlu Patrulaz.az-a şərhini verib:
“Avropa İttifaqı Cənubi Qafqazda sülh sabitliyi və əməkdaşlığı səbəbindən sərhədlərin açılmasını istəyir. Əslində Azərbaycan da bunun əleyhinə deyil. Ölkəmiz də bölgədə sülhün və əməkdaşlığın tərəfdarıdır. Lakin Azərbaycanın Ermənistandan müəyyən tələbləri var. Bu tələblər yerinə yetirilməlidir ki, sülh sazişi imzalansın və əməkdaşlıq başlansın.
Amma Ermənistan bu prosesi hələ ki ləngidir. Azərbaycanın haqlı iki tələbini: Ermənistan ATƏT-in Minsk qrupundan imtina və konstitusiya dəyişikliyi ilə bağlı addım atmır. Amma yenə də regional ölkələri ilə əməkdaşlığın vacibliyi Avropanın da diqqət mərkəzindədir”.
Politoloq Avropanın Mərkəzi Asiyanın zənginliklərini regional əraziyə daşımasında Azərbaycanın mərkəzi və strateji rolunun çox vacib olduğunu vurğuladı:
“Bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı və Mərkəzi Asiya ilə sammit keçirildi. Sözügedən sammitdə Azərbaycanın əhəmiyyəti vurğulandı ki, Avropa Mərkəzi Asiyanın zənginliklərini nəql etmək istəyirsə, bu yüklər mütləq şəkildə Xəzər dənizi və Azərbaycan üzərindən daşınacaq.
Göründüyü kimi, Azərbaycanın əhəmiyyəti bu mənada artır. Amma Avropa İttifaqı sərhədlərin açılmasını və nəqliyyatın inkişafını bu qədər istəyirsə, o zaman Ermənistana təzyiq göstərməli və Azərbaycanın şərtlərini yerinə yetirməsini təmin etməlidir.
Nəticədə, sülh sazişi imzalanmalı və Zəngəzur dəhlizinin açılması ilə Avropa İttifaqı Mərkəzi Asiyanın zənginliklərini köhnə qitəyə daşıya bilməlidir”.
Avropa İttifaqının Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün sərhədlərin açılmasını təşviq etməsi, regionda ticarət və iqtisadi əlaqələrin inkişafına böyük potensiala sahibdir. Ancaq bu yalnız Ermənistanla Azərbaycan arasındakı siyasi anlaşmalara və konkret tələblərin yerinə yetirilməsinə bağlıdır. Azərbaycanın strateji rolu, xüsusən Mərkəzi Asiyanın zənginliklərini Avropa bazarına daşıyan bir tranzit ölkə olaraq önəmli qalır.
Gülbəniz Səfərova