media-img_5528

Son zamanlar xüsusilə qadınlar arasında limfa düyünləri ilə bağlı şikayətlərin artması müşahidə olunur. Boyun, qoltuqaltı və qasıq nahiyəsində hiss olunan şişliklər, eləcə də düyünlərin böyüməsi və ya ağrıması vətəndaşlarda narahatlıq yaradır. Bu dəyişikliklər bəzən sadə infeksiyanın əlaməti olsa da, bəzi hallarda daha ciddi tibbi proseslərin göstəricisi ola bilər.

Məsələnin geniş yayılması fonunda Patrul.az olaraq mövzunu araşdırmaq və ictimaiyyətə dəqiq məlumat təqdim etmək məqsədilə onkoloq-cərrah, uzman həkim Aytac Məmmədovaya müraciət etdik.

Onkoloq-cərrah Aytac Məmmədova sorğumuza cavab olaraq bunları bildirib:

“Limfa düyünləri bədənimizin müdafiə sisteminin kiçik filtr orqanlarıdır. Onlar limfa mayesini süzür, mikrobları və yad hüceyrələri tutaraq məhv edir. Əsasən boyun, qoltuqaltı, qasıq və qarın nahiyələrində yerləşirlər. Limfa düyünlərində B və T limfositlər kimi bədəni qoruyan hüceyrələr fəaliyyət göstərir və infeksiyalara, həmçinin şiş hüceyrələrinə qarşı immun cavab formalaşdırır.

Limfa düyünlərinin böyüməsi – limfadenopatiya  ən çox infeksiyalar səbəbindən yaranır. Lakin bəzi hallarda autoimmun xəstəlikləri və ya şiş proseslərini də göstərə bilər. Ağrılı və yumşaq düyünlər adətən infeksiyanın əlaməti olur, ağrısız və sərt düyünlər isə daha ciddi patologiyaya işarə edə bilər.

Diaqnostika üçün klinik müayinə, ultrasəs müayinəsi və lazım gəldikdə biopsiya tətbiq olunur. Limfa düyünləri bədəni xəstəliklərdən qoruyan mühüm strukturlardır. Bu səbəbdən uzunmüddətli və ya şübhəli dəyişikliklər müşahidə olunduqda mütləq həkimə müraciət edilməlidir.”


Bənzər xəbərlər