media-hq720-4

Nepalda etirazlarda ölənlərin sayı 51-ə çatıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Nepalda sosial media platformalarına qoyulan qadağadan sonra ötən həftə başlayan kütləvi etiraz aksiyaları daha da şiddətlənib. Toqquşmalar nəticəsində ölənlərin sayı 51-ə yüksəlib.

Məlumata görə, ölənlər arasında 9 məhbus və 3 polis əməkdaşı da var.

Etirazlar zamanı 13 500 məhbus da həbsxanadan qaçıb. Onların bir qismi saxlanılsa da, 12 533 nəfər azadlıqdadır.

Nümayişçilər aksiya zamanı parlament binasını, bir sıra əsas hökumət idarələrini və Hilton otelini yandırıblar.

Xatırladaq ki, etirazlara səbəb ötən həftə “Facebook”, “İnstagram”, “YouTube”, “X” və “WhatsApp” da daxil olmaqla, 26 sosial media platformasının bloklanması olub. Nepal hökuməti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi platformaların qeydiyyat tələblərinə əməl etmədiyini əsas gətirərək qadağa qərarı vermişdi.

Qadağa xəbərləri yayıldıqdan sonra paytaxt Katmandu və digər şəhərlərdə “Gen Z Etirazları” adlanan kütləvi aksiyalar başlayıb. İlk günlərdə 19 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı açıqlanmışdı.

Nepalın rabitə naziri Prithvi Subba son açıqlamasında qadağanın artıq geri götürüldüyünü və sosial media platformalarına girişin bərpa olunduğunu bildirib.

Etirazların böyüdüyünü görən Nepal hökumətinin Baş naziri Khadga Prasad Sharma Oli isə vəziyyətin konstitusiya həlli üçün yol açmaq məqsədilə istefa verdiyini elan edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər