media-inshot_20260225_174409572

Son dövrlər sosial şəbəkələrdə izləyici və müştəri cəlb etmək məqsədilə “reklam” adı altında açıq-saçıq və etik normalara zidd görüntülərin paylaşılması halları artmaqdadır. Bu cür paylaşımlar cəmiyyət arasında müzakirələrə səbəb olur və xüsusilə yetkinlik yaşına çatmayanların bu məzmunlara çıxışı narahatlıq doğurur.

Bəs reklam adı ilə açıq-saçıq görüntülər paylaşan şəxslər qanunvericiliklə məsuliyyətə cəlb oluna bilərmi? Hansı hallarda inzibati və ya cinayət məsuliyyəti yarana bilər? Mövcud qanunlara əsasən belə paylaşımlara görə hansı cəzalar nəzərdə tutulur?

Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, “reklam” adı məsuliyyətdən yayınmaq üçün əsas deyil. Əxlaq normalarını aşan və kütləvi şəkildə yayılan açıq-saçıq məzmun hüquqi məsuliyyət yarada bilər:

““Reklam” adı altında açıq-saçıq görüntülər paylaşan şəxslər inzibati, bəzi hallarda isə cinayət məsuliyyətinə cəlb oluna bilər. Burada həlledici məsələ “reklamdır” deyə etiketləmək yox, kontentin kütləvi yayımı və qanunda təsvir olunan məzmun həddini keçib-keçməməsidir. Son dəyişikliklərə əsasən internetdə “kütləvi nümayiş” zamanı ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət yarana bilər; norma nümunə kimi əxlaqsız ifadələr, belə təəssürat yaradan jestlər və ya insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi hallarını göstərir”.

media-img-20260219-wa0037-1

Vəkil qeyd edir ki, reklam adı ilə paylaşılan “cəlbedici kontent” qanun pozuntusu sayılarsa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən cərimə və ya inzibati həbs nəzərdə tutulur:

“Bu halda cəza 500–1000 AZN cərimə, kifayət sayılmadıqda isə 1 ayadək inzibati həbsdir.

Əgər şəxs 1 il ərzində eyni xətanı təkrar törədirsə, 1000–2000 AZN cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs tətbiq oluna bilər. Yəni reklam məqsədi ilə “cəlbedici kontent” paylaşılması, əgər yuxarıdakı meyarlara düşürsə, İXM 510.2 üzrə məsuliyyəti yarada bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər