Stressi azaltmağın 5 SADƏ YOLU
Gündəlik həyatın qayğıları, iş yerlərində yaşanan problemlər, gecikən tapşırıqlar və uğursuz nəticələr insanlarda gərginlik yaradır. Bütün işlərini vaxtında yerinə yetirən, planlı şəkildə çalışan şəxslər belə, stressdən sığortalanmır. Çünki stress insan həyatının ayrılmaz bir parçasına çevrilib. Ancaq bu gərginliklə baş etməyin yolları da var.
Patrulaz.az stressi azaltmağın 5 əsas və sadə üsulunu təqdim edir:
Dərindən nəfəs alma

Gərgin anlarda təmiz havaya çıxaraq, nəfəs almaq bədəni sakitləşdirə bilər. Bunun üçün burnunuzdan dərin nəfəs alın, 4 saniyə saxlayın və sonra 6 saniyə ərzində yavaşca ağızdan buraxın. Bu üsul bədənin gərgin reaksiyasını azaldır və sinir sistemini balanslaşdırır.
Fiziki fəaliyyət – hərəkətə keçin

Stresslə mübarizənin ən təsirli yollarından biri hərəkətdir. Gündə cəmi 15-30 dəqiqəlik təmiz hava gəzintisi və ya yüngül idman bədəndə endorfin – “xoşbəxtlik hormonu”nun artmasına səbəb olur. Bu isə əhval-ruhiyyəni yaxşılaşdırır və zehni yüngülləşdirir.
Planlı olun, vaxtınızı düzgün bölün

Plansızlıq və ya nəyisə təxirə salma vərdişi gündəlik həyatda gərginliklərin yaşanmasına səbəb olur. Sadə bir siyahı, prioritetlərin düzgün bölünməsi və vaxtın səmərəli idarəsi stressi xeyli azaldır və məhsuldarlığı artırır.
“Yox” deməyi bacarın

Hər bir yükü çiyinləmək mümkün deyil. Bəzi hallarda “yox” demək həm sağlamlıq, həm də emosional stabillik baxımından vacibdir. Sərhədlərinizi müəyyənləşdirmək və onları qorumaq sizi tükənməkdən qoruyar. Hər şeydən öncə öz sağlamlığınızı düşünün.
Özünüzə zaman ayırın

Günün bir hissəsini sadəcə özünüzə həsr edin. Sevdiyiniz musiqini dinləyin, kitab oxuyun, düşüncələrinizi yazıya çevirin və ya sadəcə sakit bir mühitdə 10 dəqiqəlik tək qalaraq nəfəs alın. Bu cür anlar daxili tarazlığı qorumağa yardım edir. Hərşeydən uzaq, maraqlı fəaliyyətlə məşğul olmaq stressiz bir mühitin yaranmasına səbəb olur.
Gülbəniz Səfərova






