media-musluk-su-depo-1543867

Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə cari ilin sentyabrın 1-dən başlanılacaq.

Patrul.az xəbər verir ki, bu barədə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu qaydalar hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texniki qurğular vasitəsilə suyun götürülməsi, tullantı sularının axıdılması və su akvatoriyasından istifadəni əhatə edir.

Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarına əsasən, 100 kubmetr su üçün ödəniş tarifləri aşağıdakı kimi müəyyən edilib:

Xəzər dənizindən (sənaye üçün): 0.4 manat

 Çay və göllərdən: 4 manat

 Yeraltı sulardan: 40 manat

Tullantı sularının axıdılması üçün isə hər 100 kubmetrə görə Xəzər dənizinə 1 manat, çay və göllərə 4 manat ödəniş nəzərdə tutulur.

İcazə almaq üçün sahibkarlar ilk növbədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ərizə ilə müraciət etməli və müqavilə bağlamalıdırlar.

İcazənin verilməsi proseduru Prezidentin 18 dekabr 2025-ci il tarixli Fərmanı ilə tənzimlənir.

Dövlət Agentliyi su istehlakçılarını israfçılığa yol verməməyə və suyun dəqiq uçotunu aparmağa çağırıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin, həmçinin su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair icazənin forması ilə bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:

1.https://e-qanun.az/framework/61055

2.https://e-qanun.az/framework/61660

Qurum su obyektlərindən xüsusi məqsədlər üçün istifadə edənləri sudan istifadə zamanı israfçılığa yol verilməməsinə, istifadə olunan suların uçotunun aparılmasına, su qanunvericiliyinin tələblərinə riayət edilməsinə dəvət edir.


Bənzər xəbərlər