Suçiçəyi həyəcanı: Uşaqlar arasında yoluxma halları artıb - VİDEO
Uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma halları qeydə alınır. Bu səbəbdən bəzi valideynlər uşaqlarını xəstəxanaya gətirirlər.
Patrul.az Xəzər TV-yə istinadən xəbər verir ki, həkimlər yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara yoluxmuş şəxslərlə təmasdan çəkinməyi, əlləri tez-tez yumağı, şəxsi gigiyena qaydalarına ciddi riayət etməyi, xəstəlik əlamətləri müşahidə edildikdə isə vaxtında tibb müəssisələrinə müraciət etməyi tövsiyə edirlər.
Həkim-pediatr Gülnarə İlyasova bildirir ki, bəzi hallarda valideynlər suçiçəyinə yoluxmuş uşaqlara ev şəraitində antibiotik verirlər. Lakin həkim məsləhəti olmadan antibiotiklərin qəbulu qəti şəkildə yolverilməzdir.
Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda suçiçəyi xəstəliyi üzrə kütləvi yoluxma müşahidə edilmir. Qızılcaya qarşı isə həm planlı peyvəndləmə, həm də əvvəlki dövrlərdə peyvənddən kənarda qalmış uşaqlar və böyük yaşlı əhali arasında tibb müəssisələrində immunizasiya tədbirləri həyata keçirilir.
Görülən tədbirlər nəticəsində son aylarda respublika üzrə qızılca xəstəliyinin qeydə alınması halları müşahidə olunmur. Ümumilikdə, ölkədə infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və daim nəzarət altında saxlanılır.






