media-inshot_20260312_082740725

Son vaxtlar sosial şəbəkələrdə müxtəlif üsullarla saxta yumurtaların hazırlanaraq bazarda satılması ilə bağlı videolar paylaşılır. Bu videolar xarici ölkələrdə çəkilmiş olsa da, Azərbaycanda da alıcılar arasında tünd və ağ rəngdə olan yumurtaların keyfiyyətsizliyindən şikayətlər edilir, bəziləri isə onların süni şəkildə hazırlandığını iddia edir.

Bəs yumurtanın saxta olduğunu necə bilmək olar? Azərbaycanda yumurtaların keyfiyyətsizliyi nə ilə əlaqədardır?

Bununla bağlı Patrul.az-a açıqlamasında “Refresh Group” MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov öz fikirlərini bölüşüb.

O, bəzi əlamət və üsullarla yumurtanın saxta olub-olmadığını izah edib:

“Aşağıdakı üsullar saxta yumurtanı ayırd etməyə kömək edə bilər:

Qabığın görünüşü və səth keyfiyyəti: Saxta yumurtaların qabığı çox hamar və parlaq ola bilər. Təbii yumurtalarda isə qabıqda mikroskopik məsamələr olur.

Sındırıldıqda sarının davranışı: Təbii yumurtanın sarısı bir yerdə qalır və asanlıqla dağılmır. Saxta yumurtalarda isə sarı hissə jelatinə bənzər şəkildə yayılır.

Qaynadıldıqdan sonra rəng və qoxu: Saxta yumurtalar bişirildikdə qəribə qoxu verə bilər və sarısı qeyri-təbii rəng alır.

Suda batma testi: Təzə yumurta suda batır, köhnə və ya saxta yumurta isə üzə çıxır.

Yumurtanın içindəki maddələrin davranışı: Saxta yumurtalarda içlik jelatin, rəngləndirici və kimyəvi maddələrdən ibarət ola bilər”.

media-inshot_20260312_081547023

Ekspert ölkəmizdə yumurtanın keyfiyyətsizliyinin nədən qaynaqlandığını sadalayıb:

“Nəzarətsiz satış məntəqələri: Bəzi bazarlarda və küçə satıcılarında yumurtalar “kənd yumurtası” adı ilə satılır, lakin onların mənşəyi və saxlanma şəraiti məlum olmur.

Saxlanma şəraitinin pozulması: Soyuq zəncirin qorunmaması yumurtanın tez xarab olmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

İstehlakçı maarifləndirilməsinin zəifliyi: Alıcılar yumurtanın keyfiyyətini qiymətləndirmək üçün lazımi biliklərə malik olmaya bilər”.

S.Qafarov yumurta ilə bağlı təhlükəsizlik məsələlərinə toxunaraq bəzi tövsiyələrini də irəli sürdü:

“Yalnız sertifikatlı satış məntəqələrindən alın: Marketlərdə və rəsmi satış nöqtələrində satılan yumurtalar daha çox nəzarətə tabedir.

Etiketləri yoxlayın: İstehsal tarixi, son istifadə tarixi və istehsalçı məlumatı göstərilən yumurtalara üstünlük verin”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər