Sülh ərəfəsində təxribat: “Ermənistan nə istəyir?”
Azərbaycan və Ermənistan arasında illərdir davam edən münaqişənin sülh sazişi ilə yekunlaşmasına az bir müddət qalmış Ermənistan tərəfindən sərhədlərdə atəşkəsin pozulması yenidən gündəmə gəlib. Belə bir məqamda atılan bu addımların təsadüfi olmadığını düşünmək üçün kifayət qədər əsas var. Tarix boyu Ermənistanın analoji yanaşmaları, xüsusilə də sülh proseslərinin intensivləşdiyi dövrlərdə atəşkəsi pozması bu ölkənin sabitliyə və sülhə qarşı mövcud niyyətlərini bir daha üzə çıxarır. Hazırda isə vəziyyət daha mürəkkəb və daha məqsədli xarakter daşıyır.
Ermənistanın son zamanlar Azərbaycana qarşı sərt addımları təsadüf yoxsa məqsədli siyasətdir? Bu barədə Patrulaz.az-a siyasi ekspert Aydın Quliyev açıqlama verib: “Azərbaycan-Ermənistan sülh sazişinin imzalanmasına az qalmış bir vaxtda Ermənistan tərəfindən atəşkəsin pozulması təsadüfi deyil.
Ermənistanın bu yöndə ziyanlı fəaliyyətini tarix boyu görmüşük. Hələ Qarabağ münaqişəsinin həll olunmasına qədərki dövrlərdə Ermənistan tərəfindən atəşkəsin davamlı olaraq pozulmasını görürdük. Amma hazırda saziş mətninin ikitərəfli qaydada razılaşdırıldığı bir mərhələdə Ermənistanın bu addımları atmasının xüsüsi məqsədi var. Birincisi, Ermənistan sərhədlərdə atəşkəsi pozmaqla sözügedən sülh sazişi mətnini həqiqətdə imzalamaq niyyətində olmadığını nümayiş etdirir. Sadecə olaraq, Ermənistan sülh sazişini qəbul etməklə, özünü sülhsevər ölkə kimi göstərmək üçün dünyada bir görüntü yaratmağa çalışır. Lakin Ermənistan əslində sülh sazişini real olaraq imzalamaq fikrində deyil. İkincisi, Ermənistan təxribatlar törətməklə yanaşı, Azərbaycanın atəşkəsi pozması ilə bağlı dezinformasiyaları yaymaqla da hazırkı sülh prosesinə zərbələr endirir. Bu o deməkdir ki, Ermənistan hazırda sülh sazişini imzalanmasından daha çox, özünün təşrif etdiyi bəzi yaramaz mexanizmlərin beynəlxalq ictimaiyyətin və rəsmi dairələrin gözündə gündəmə gətirilməsində maraqlıdır. Çünki atəşkəsin pozulması sülh sazişinin imzalanması üçün yerin və vaxtın müəyyənləşməsi prosesinə maneçilik törədir. Sülh sazişinin də əldə olunması üçün onun harada və nə vaxt imzalanması öncədən müəyyənləşdirilməlidir.
Ancaq atəşkəsin bu cür pozulduğu bir şəraitdə danışıqlar aparmaq mümkünsüzdür. Digər tərəfdən Ermənistan atəşkəsi pozmaqla sazişin imzalanmasından daha çox bəzi yararsız mexanizmlərin gündəmə gəlməsində maraqlıdır. Belə ki, Ermənistan xeyli əvvəl atəşkəsin pozulması ilə bağlı monitorinq aparmaq üçün birgə komissiyanın yaradılması təşəbbüsü ilə çıxış etmişdi. Həmçinin, İrəvan illər öncə hər iki tərəfdən sərhəd qüvvələrinin geri çəkilməsi təşəbbüsləri ilə mövqeyini ortaya qoyub. Hansılar ki, Azərbaycan bütün bunları ciddi arqumentlərlə qəbul etməmişdi. Amma Ermənistan təəssüf ki, bunların qəbul olunması üçün təkidlər göstərir. Ermənistan gizli niyyəti olduğuna görə sərhədlərdə qoşunların geri çəkilməsini tələb edir. İrəvanın əsas məqsədi Azərbaycanın hazırda dayandığı mövqelərdən geri çəkilməsinə nail olmaqdır.
Ancaq Azərbaycanın sərhəd qoşunları özünə aid olan yerlərdə dayanır.
Delimitasiya da göstərdi ki, Azərbaycan özünə aid olmayan torpaqlara keçməyib. Belə şəraitdə Ermənistan Azərbaycanın sərhəd mühafizə qüvvələrini geri çəkilməsinə nail olmaqla, əslində sərhədlərimizdə boşluq və zəif yerlər yaratmağı hədəfləyib. Buna görə də, Ermənistan atəşkəsi pozmaqla kifayətlənməyərək, bu təxribatların məsuliyyətini Azərbaycanın üzərinə atıb, diqqəti yayındırmağa çalışır”.
Gülbəniz Səfərova