Sumqayıt sərnişinlərinin həll edilməyən kart problemi-Validatorlar Marsdan gətirilir?
Sumqayıt əhalisinin sayına və sənaye əhəmiyyətinə görə ölkənin ikinci ən böyük şəhəridir. Amma bu gözəl, günü-gündən inkişaf edən və çiçəklənən şəhərin dərd və problemləri də kifayət qədərdir. 2025-ci ilin “Gənclər Paytaxtı” seçilən
Patrulaz.az sumqayit24.az-a istinadən xəbər verir ki, Sumqayıtın 400 mindən çox əhalisini narahat edən ən böyük məsələlərdən biri də ictimai nəqliyyatla bağlıdır. Bəzi xətlərdə sınıq-salxaq avtobuslar, mədəniyyətsiz sürücülər, avtobuslar arasındakı 30-40 bəzən 50 dəqiqəlik interval, bəzi ünvanlara ümumiyyətlə marşrutun olmaması bu gözəl şəhərin sakinlərini sözün əsl mənasında təngə gətirib. Hələ bu da azmış kimi, bu günə qədər də şəhərdə fəaliyyət göstərən ictimai nəqliyyatda kartla ödəniş sisteminin olmaması bu problemləri bir az da artırır. Məsələ burasındadır ki, hələ 2021-ci ildə şəhərdə kartla ödəniş sisteminə keçid edilsə də, sumqayıtlıların sevinci uzun sürməyib. Sözügedən ilin 28 sentyabr tarixində avtobuslarda kart sistemindən istifadəyə başlanılması cəmi 54 gün davam edib. Məlum olub ki, aidiyyəti qurumların 206 avtobus üçün aldıqları 210 validator aparatı keyfiyyətsiz və yararsızdır. Belə bir halın yaranması həm aidiyyəti qurumun məsuliyyətsizi və dövlət büdcəsinə vurulan ziyanla yanaşı, vətəndaşların da cibinə mənfi təsir edib. Məsələ burasındadır ki, kart sisteminə keçiddən sonra orta hesabla 100 min sumqayıtlının kart aldığını və ən azı 1 AZN balansına yüklədiyini düşünsək, ortaya maraqlı mənzərə və rəqəmlər çıxar. Amma validatorların keyfiyyətsiz olması məsələsinin həlli bir yağlı əppək olub, çəkilib göyə.
O vaxt verilən açıqlamaya görə, “Sumqayıt Nəqliyyat” MMC Türkiyədən yeni validatorların gətirilməsini sifariş edib. Elə bu cümlə sadəcə sumqayıtlıların ürəyinə su sərpmək üçün verilən açıqlamaya oxşayır. Çünki aradan 4 ilə yaxın vaxt keçsə də, validatoru gördüm deyən tapılmayıb. NASA-nın kosmik gəmiləri bu müddət ərzində Mars planetinə bir neçə dəfə uçuş edib, geri qayıdıb, analiz üçün qırmızı planetdən süxurlar gətirib, amma “Sumqayıt Nəqliyyat” MMC burdan-bura Türkiyədən bu validatorları gətirə bilmir ki, bilmir.
Sonradan isə məlum olur ki, Sumqayıtın nəqliyyat sisteminə bundan sonra AYNA cavabdeh olacaq. Qurumun mətbuat xidməti də problemlərin mərhələli şəkildə həll ediləcəyini, nağdsız ödəniş sisteminin tətbiqinin sürətləndiriləcəyini desə də, ortada heç bir işin sürətləndiyinə dair fakt, sübut, xəbər yoxdur. Elə problemlər mərhələli şəkildə həll olunmaq əvəzinə, mərhələli şəkildə artmağa davam edir. Bakı ilə az qala birləşən Sumqayıt kimi şəhərdə hələ də sərnişinlər avtobus sürücüsünə nağd ödəniş etmək məcburiyyətində qalırlar. Köhnə təcrübələrimizi də nəzərə alsaq, xüsusən səhər saatlarında “Gənclər Paytaxtı”nın ictimai nəqliyyatında tez-tez işlənən frazaları ehtimal edə bilərik: “Xırdam yoxdur, xırda ver”, “Məndə 50 manatlıqdır”, “Yerivə vermişəm, düşərsən” və bunlarla yanaşı bəzən sürücü ilə sərnişinlər arasında pulun artığını qaytarmaq üstündə yaranan kiçik mübahisələri də nəzərə alsaq, sumqayıtlıların dərdini, problemini anlamış olarıq. Çünki ən azı 4-5 il əvvəl də Bakı sakinləri aşağı-yuxarı bənzər yollardan keçiblər.
Elə yerli sakinlərin gözü həsrətlə validator gözləməkdə olduğu üçün müxtəlif açıqlamalar ard-arda səslənməyə başladı. Söhbət artıq 2022-ci ilin martından gedir ki, guya may ayında validatorlar artıq Sumqayıta təşrif buyuracaq. May iyun, iyul avqust, 2022-ci il 2023, sonradan 2023-cü il 2024-cü il olsa da, şəhərin validator və kartla gediş problemi heç cür həllini tapa bilmədi.
Elə sakinlərin ümidi ölmək üzrə idi ki, xəbər gəldi ki, 2024-cü ilin yanvar ayından bir sıra avtobuslarda yenidən kart sisteminə keçiləcək, xüsusi ödəniş terminalları qurulacaq. Hələ bir də dedilər ki, quraşdırılacaq validatorlar daha müasir və Avropa standartlarına uyğundur. Yeni ili xoş niyyət və arzu ilə keçirən, 2024-cü ildə yenidən avtobusa minəndə kart sistemindən istifadə edəcəyini düşünərək sevinən sumqayıtlının yenə arzusu ürəyində qalmazmı? 2025-ci ilin fevral ayı olsa da, sözügedən kart sistemini, validatorları hələ Avropa standartlarına uyğun ödəniş terminallarını görənə mükafat vəd edilib. Dörd il əvvəl “Türkiyədən yeni validatorlar sifariş vermişik”, “May ayında ölkədə olacaq” tipli açıqlamalar verən Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov da deyib: “Sərbəst şəkildə, ayrı-ayrılıqda kim istədi validator quraşdırılmasına icazə vermirlər. Ona görə də agentlik səviyyəsində olan məsələdir. Mən sizə yalan deyərəm. Bizim rəhbərliyimiz Türkiyədən sifariş edirdi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi razılaşmadı. Onlar bildirdilər ki, Azərbaycanın bütün rayon, şəhər, kəndlərində eyni firma, eyni şirkətin validatorları olmalıdır”.
Yaxşı, bəs 4 ildir sifariş vermişik nədir, AYNA razılaşmadı nədir? Bu nə açıqlamadır, bu nə problem həllidir? Niyə axı ölkədə ən çox dəbdə olan üsula, problemin həllini digər qurumun üstünə atmaq, məsuliyyəti boynundan atmağa üz tutursunuz? 400 mindən çox insanın əsəbi, itirdiyi vaxtı sizin heç vecinizə deyil? Lap tutaq ki, AYNA məsuldur. Bəs bu qurum ən yaddan çıxan məhəllə arasında yola zolaq çəkib AzParking qurub ödənişli parklama yarada bilir, 5 dəqiqə saxlanan maşına anında 20 AZN cərimə yaza bilir, paytaxtla birləşən, ölkənin ikinci ən böyük şəhərinin nəqliyyat sisteminin karta keçid məsələsini həll edə bilmir? Suallar çoxdur, özü də açıq, aydın, sadə suallardır. Sadəcə bir ürəkli insan, işbilən, işdən başı çıxan lazımdır ki, bu suallara konkret cavab versin, artıq kvant fizikasının məsələ həllindən də çətin görünən Sumqayıt avtobuslarına kartla gediş problemini həll etsin. Gözləyək, ümid edək. Bu arada, bu yaxınlarda da bir rəsmi açıqlama çıxdı ki, Sumqayıt avtobuslarının bu problemi 2025-ci ildə həll ediləcək. Artıq 2025-ci ilin ikinci ayındayıq. Ümid edirik ki, 2026-cı ilin 2-ci ayında eyni cümlələri yazmayacağıq! Nə edək, ümid sonda ölür!