"Süni intellekt bir çox məsələlərə yardımçı olduğu kimi, bəzi sahələrdə də işsizliyə səbəb olur" - Media Eksperti
Süni intellekt texnologiyalarının inkişafı son illərdə sürətlənib və getdikcə daha çox sahədə tətbiq olunmağa başlayıb. İnkişaf artdıqca bu texnologiyanın jurnalistika kimi peşələrə təsiri ilə bağlı suallar da yaranır. Maraqlıdır ki, gələcəkdə süni intellekt jurnalistikada insan faktoru olmadan xəbərlər hazırlaya biləcəkmi?
Bu barədə Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu Patrulaz.az-a açıqlamasında bildirib ki, süni intellekt bir tərəfdən işləri asanlaşdırsa da, digər tərəfdən bir çox peşələrdə işsizliyə səbəb olur:
“Süni intellektin yeni funksiyalırı dayanmadan, bir axınla həyatımızı dəyişdirir. Hələ dünən mümkünsüz görünən bir sıra məsələlər artıq anındaca öz həllini tapır. Məsələn, köhnə fotoların bərpasına 50 il öncə rəssamlıq bacarığı olan şəxslər saatlarla zaman sərf edirdilər. Sonralar qrafik proqramların köməyi ilə bu işi xeyli az müddətə görmək mümkün oldu. Hazırda isə süni intellekt bu işə cəmi 1-2 dəqiqə zaman sərf edir.
Süni intellekt bir çox məsələlərin həllində yardımçı olduğu kimi, həm də bəzi sahələrdə işsizliyin yaranmasına səbəb olub. Bu gün intellektual əməklə məşğul olan insanların başı üzərində işi itirmək təhlükəsi günü-gündən genişlənir. Jurnalistikada da eyni problem artıq yer alıb”.
İ.Rafiqoğlunun fikrincə, hazırda süni intellektin imkanları sayəsində bir jurnalist bir neçə nəfərin gördüyü işi təkbaşına yerinə yetirə bilir. Onun sözlərinə görə, xüsusilə xarici xəbərlərlə məşğul olan jurnalistlər getdikcə daha çox süni intellektdən istifadə etməyə üstünlük verirlər:
“Dünyanın bir sıra nəhəng media qurumları artıq çoxdan süni intellektin vasitəsilə xəbər hazırlamaqla məşğuldurlar. Hava proqnozu, idman xülasələri, iqtisadiyyat üzrə hesablamaları artıq jurnalistlər hazırlamırlar. Ən ciddi zərbə isə tərcümə xəbərlərini hazırlayan əməkdaşlara dəyib. Tərcümə sistemləri o qədər mükəmməlləşib ki, artıq 1 savadlı redaktor rahatlıqla 5-6 jurnalistin işini görür.
Azərbaycanda da eyni proseslər getməkdədir. Bir neçə işçi elə bu yolla xəbər istehsal edərək istənilən saytı idarə edə bilir”.
Jurnalist bildirib ki, gələcəkdə yalnız analitik düşünən jurnalistlərə ehtiyac qalacaq, digər işləri isə süni intellekt görəcək:
“Media bazarında ciddi problemlər yaşanmaqdadır. Hətta süni intellekti saytın idarəetmə panelinə inteqrasiya edən media qurumlar da var. Əgər əvvəllər müxtəlif dillərdə internet səhifəsi olan KİV dil bilən jurnalist komandası toplamağa məcbur olurdusa, hazırda sistem özü avtomatik olaraq xəbəri digər dilə çevirir. Sadəcə redaktor xəbəri yüngülcə redaktə etməklə internetə yerləşdirir. Gələcəkdə yalnız düşünə bilən, mövzunu və xəbəri duymaq qabiliyyəti yüksək olan jurnalistlərə ehtiyac olacaq, qalan işləri elə süni intellekt yerinə yetirəcək”.
Cəmilə Cəfərzadə






