"Süni intellektin qoyduğu diaqnoza inanıb həkimə müraciəti gecikdirirlər" - VACİB XƏBƏRDARLIQ
Son illərdə insanlar hər hansı simptom hiss etdikdə ilk olaraq internetdə araşdırma aparır və bu, bəzən onlarda əsassız narahatlıq və yanlış ilkin diaqnozların formalaşmasına səbəb olur.
Simptomlarını internetdə araşdıraraq həkimə əvvəlcədən formalaşmış qorxu və diaqnozla müraciət edən pasiyentlərin sayında artım varmı və bu tendensiya müalicə prosesinə necə təsir göstərir?
Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, internet və süni intellektdən yanlış özünü-diaqnoz vermək pasiyentdə səhv təsəvvür yaradır və həkimə müraciəti gecikdirə bilər:
“Bəli, son illərdə bu tendensiya açıq şəkildə artıb. İnternetdə məlumatın çox olması müsbət haldır, amma problem ondadır ki, pasiyentlər çox vaxt məlumatı düzgün analiz edə bilmirlər. Sadə simptomları ağır xəstəliklərlə əlaqələndirib həkimə artıq qorxu və yanlış ilkin fikir ilə müraciət edirlər.
Son dövrlərdə başqa bir tendensiya da müşahidə olunur: pasiyentlər süni intellektlə “məsləhətləşdikdən” sonra öz-özünə diaqnoz qoymağa çalışırlar və yalnız bundan sonra həkimə müraciət edirlər. Bu zaman pasiyentdə artıq “mən diaqnozu bilirəm” kimi psixoloji yanaşma formalaşır”.

Həkim qeyd edir ki, internet və süni intellekt yalnız məlumat məqsədli istifadə olunmalı, diaqnoz və müalicə qərarları isə mütləq həkim tərəfindən verilməlidir.
“Bu vəziyyət müalicə prosesinə mənfi təsir göstərir:
– Pasiyent düzgün yox, əvvəlcədən formalaşmış diaqnozu müdafiə etməyə çalışır;
– Zəruri müayinələr çox vaxt aparılmır;
– Əksinə, ehtiyac olmayan müayinələr (endoskopiya, KT, MRT və s.) artıq edilir;
– Pasiyent həm vaxtını, həm də maddi resurslarını itirir;
– Doğru diaqnozun qoyulması və adekvat müalicənin başlanması gecikir.
Nəticədə isə müalicə prosesi uzanır və bərpa müddəti gecikir.
Düzgün yanaşma odur ki, internet və ya süni intellekt yalnız ümumi məlumat üçün istifadə olunmalıdır. Diaqnoz və müalicə qərarları isə yalnız həkim tərəfindən, klinik qiymətləndirmə və düzgün seçilmiş müayinələr əsasında verilməlidir”.
Cəmilə Cəfərzadə






