media-c1947b82-3f70-4e91-a2f9-8235f2f99564

Suriya Xarici İşlər Nazirliyi İsrailin hava bazalarına və digər hərbi obyektlərə endirdiyi yeni zərbələri kəskin şəkildə pisləyib.

Patrulaz.az BBC NEWS” a istinadən xəbər verir ki, Suriya hakimiyyəti bunu “əsassız eskalasiya” adlandıraraq beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

Məlumata görə, İsrailin son hücumları nəticəsində Hama aviabazası ciddi zərər görüb, onlarla insan yaralanıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) hücum zamanı Müdafiə Nazirliyinin dörd əməkdaşının həlak olduğunu bildirib. İsrail ordusu isə Dəməşqdəki hərbi infrastrukturla yanaşı, Həma və T4 aviabazalarını da hədəf aldığını açıqlayıb.

Suriya Xarici İşlər Nazirliyi hücumlara dair açıqlamasında bildirib: “Bu əsassız eskalasiya Suriyada sabitliyi pozmaq və onun xalqının əzabını daha da artırmaq üçün məqsədyönlü cəhddir. Bu beynəlxalq hüququn və Suriyanın suverenliyinin açıq şəkildə pozulmasıdır.”

Xatırladaq ki, İsrail ordusu keçmiş prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyada yüzlərlə hava zərbəsi endirib. Hücumlar əsasən reaktiv təyyarələr, raket sistemləri, hərbi bazalar və silah istehsalı müəssisələrini hədəf alıb.

Qeyd edək ki, İsrailin bu hücumları Türkiyənin Suriya hava bazalarına reaktiv və hava hücumundan müdafiə sistemləri yerləşdirməsi ilə bağlı xəbərlərin yayıldığı bir dövrə təsadüf edir. İsrailin müdafiə naziri İsrael Katz cümə axşamı verdiyi açıqlamada Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa xəbərdarlıq edərək bildirib ki, “İsrailə düşmən olan qüvvələrin Suriyaya daxil olmasına icazə verərsə, bunun əvəzini çox ağır ödəyəcək.”

Gülbəniz Səfərova


Bənzər xəbərlər