Şuşada fərqli ölkələrin səslərinin birləşdiyi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı start götürüb
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.
Patrul.az xəbər verir ki, festivalın rəsmi açılış mərasimi Şuşanın tarixi rəmzlərindən olan Cıdır düzündə baş tutub.
İki gün davam edəcək builki musiqi bayramında Azərbaycanın yerli incəsənət nümayəndələri ilə yanaşı, ABŞ, TürkiyəM Yaponiya, Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Türkmənistan) kimi müxtəlif dövlətlərdən gələn tanınmış musiqi kollektivləri və solo ifaçılar çıxış edir.
Festival çərçivəsində təkcə Cıdır düzündə deyil, Şuşanın fərqli tarixi məkanlarında da rəngarəng konsert proqramları təşkil olunacaq. Həmçinin qonaqlar üçün sənədli film nümayişləri və müxtəlif mədəni tədbirlər planlaşdırılıb.
Tədbirlər mayın 15-də də davam edəcək.
Şuşanın simvolu olan eyniadlı çiçəyin adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən etibarən keçirilir. Qarabağ münaqişəsi və işğal dövründə festivalın əsas konsertləri Ağdamda, bir sıra çıxışlar isə Bərdə və Ağcabədidə təşkil olunub. Vətən müharibəsində qazanılan tarixi zəfərlə torpaqlarımız azad edildikdən sonra festival yenidən öz doğma yurduna – Şuşaya qayıdıb. Mədəniyyət hadisəsinin coğrafiyası ildən-ilə genişlənir; belə ki, 2024-cü ildə festival Şuşa ilə yanaşı Laçın şəhərini də əhatə edib.







